“TerraNext – Gənc Ekoliderlər Proqramı” uğurla yekunlaşıb
Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “TerraNext – Gənc Ekoliderlər Proqramı”nın yekun tədbiri keçirilib.
Tədbirdə AzGF-nin Naxçıvan filialının əməkdaşı Dilarə Gülməmmədli, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Əli Əlizadə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Azadə Əliyeva, eləcə də Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək İctimai Birliyinin sədri Aygül Məmmədova çıxış ediblər.
Çıxışlarda ekoloji maarifləndirmənin əhəmiyyəti, gənclərin ətraf mühitin mühafizəsində rolu və bu istiqamətdə həyata keçirilən təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Daha sonra layihə rəhbəri Aytac Əliyeva yekun çıxışı edərək proqramın üç günü ərzində həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və gələcək təşəbbüslər barədə fikirlərini bölüşüb.
Tədbir çərçivəsində layihə müddətində keçirilən fəaliyyətləri əks etdirən videoçarx nümayiş etdirilib.
Yekun mərhələdə layihə iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib. Gənclərə layihədə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim olunub.
Beləliklə, üç gün davam edən “TerraNext – Gənc Ekoliderlər Proqramı” gənclərin ekoloji biliklərinin artırılması, yaşıl düşüncə tərzinin təşviqi və ətraf mühitin mühafizəsinə yönəlmiş təşəbbüslərə cəlb olunması baxımından əhəmiyyətli bir platforma kimi yadda qalıb.



