Denktaşın dəvətindən bu günümüzə: Bir adanın Birinci hekayəsi... – Aqil Ələsgər yazır
Kiprə ilk dəfə 2007-ci ilin payızında Şimali Kipr Türk Respublikasının (ŞKTR) qurucu prezidenti mərhum Rauf Denktaşın dəvəti ilə getmişdim. Məqsədimiz erməni iddiaları qarşısında tarixi həqiqətləri müdafiə etmək, türk dünyasının səsini beynəlxalq ictimaiyyətə çatdırmaq idi.
O vaxt adaya ilk dəfə ayaq basırdıq. Bu səfərin uzun illər davam edəcək dostluqların başlanğıcı olacağını isə hələ bilmirdik.

Sonrakı illərdə Kiprə dəfələrlə getdik. Kipr türk xalqının mübarizəsini yaxından izlədik, qayğılarını, gözləntilərini daha yaxşı öyrəndik.media-whatsapp-image-
Türk İnternet Media Birliyinin (TİMBİR) yaranması ilə əlaqələrimiz yeni mərhələyə qədəm qoydu. Artıq gündəliyimizdə ortaq media layihələri, informasiya mübadiləsi və Kipr türkünün səsini daha geniş coğrafiyaya çatdırmaq kimi məsələlər vardı.
Bu yay yenidən Kiprdə idik. ŞKTR Cümhuriyyət Məclisinin sədri Ziya Öztürklər bizi qəbul etdi. Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla birlikdə 15 Noyabr Kipr Universitetinin məzuniyyət mərasimində iştirak etdik.
Son səfərimizin isə iki xüsusi səbəbi vardı: adanın ilk özəl televiziya kanalı olan “Genç TV”nin 30 ilə yaxınlaşan yayım tarixinin şahidi olmaq və TİMBİR İdarə Heyətinin Türkiyədən kənarda ilk iclasını keçirmək istəyirdik.
Prezident Kompleksində verilən mühüm mesajlar
Səfərimizin ilk rəsmi görüşlərindən biri ŞKTR Prezidenti Tufan Ərhürmanla oldu. Prezident TİMBİR-in sədri doktor Süleyman Basanın rəhbərlik etdiyi nümayəndə heyətimizi qəbul etdi.
Prezident Kompleksində keçirilən görüşdə iki məqam diqqət çəkdi.
Cənab Ərhürman TİMBİR-lə əməkdaşlığı Şimali Kipr haqqında formalaşmış yanlış təsəvvürləri dəyişmək üçün mühüm fürsət kimi dəyərləndirdi. O, adanın dünyada hələ az tanınan təbii gözəlliklərinin və tarixi məkanlarının beynəlxalq ictimaiyyətə tanıdılmasının turizmin inkişafına töhfə verəcəyini də vurğuladı.

Rəqəmlər də bu potensialdan xəbər verir. 2025-ci ildə Şimali Kiprə hava və dəniz yolu ilə sərnişin girişlərinin sayı əvvəlki illə müqayisədə 17,2 faiz artaraq 2 milyon 589 mini ötüb.
Universitetləri, tarixi irsi, turizm obyektləri və sərmayə imkanları ilə Şimali Kiprin dünyaya təqdim edəcəyi çox şey var. Sadəcə bütün bunları dünyaya çatdırmağı bacarmaq lazımdır.
ŞKTR-in Baş naziri Ünal Üstəllə görüşümüzdə də bənzər yanaşma gördük. TİMBİR sədrinin birinci müavini, vəkil Cüneyd Altıbarmağın rəhbərlik etdiyi nümayəndə heyətimizi qəbul edən baş nazir media sahəsində əməkdaşlığa hazır olduqlarını bildirdi.

Bu görüşlərin əsl dəyəri ortaya qoyulan iradə birgə yayımlara, sənədli filmlərə, jurnalist mübadiləsi proqramlarına və konkret media layihələrinə çevriləndə görünəcək. Çünki Kiprin səsini dünyaya duyurmaq üçün siyasi bəyanatlarla yanaşı, təsirli kommunikasiya strategiyasına da ehtiyac var.
Birincilərin birincisi — Ərtan Birinci
Rəsmi görüşlərdən sonra “Genç TV”ni ziyarət etdik.
Şimali Kiprin ilk özəl televiziya kanalının 30 ilə yaxın yayım tarixini Ərtan Birincinin öz dilindən dinləməyin ayrı bir yeri vardı.
Televiziya kanalı qurmaq qədər onu illərlə ayaqda saxlamaq, texnologiyanın inkişafı ilə ayaqlaşmaq və tamaşaçının etimadını qorumaq da böyük uğurdur.
Ərtan Birinci bir televiziya kanalı qurmaqla yanaşı, Kipr türk mediasında bu gün də yaşayan yayımçılıq ənənəsinin formalaşmasına töhfə verib.
Birincilərin birincisi olmaq hər kəsə nəsib olmur.
Ərtan Birincinin səmimi ev sahibliyi sayəsində adanın fərqli gözəlliklərini də kəşf etmək fürsəti qazandıq.
Qapalı Maraşın tərk edilmiş binaları Kipr məsələsinin tarixdə buraxdığı izləri göz önünə sərirdi. Bellapaisin monastırı, daş döşənmiş küçələri və buradan açılan Aralıq dənizi mənzərəsi isə adanın mədəni zənginliyini xatırladırdı.
Girnənin sahilləri, Lefkoşanın tarixi siması, müxtəlif sivilizasiyalardan yadigar qalan abidələr, inkişaf edən turizm infrastrukturu…

Şimali Kiprin dünyada hələ yetərincə tanınmayan böyük potensialını bir daha gördük. Hava limanında göstərilən xidmətlərdən turizm sektoruna, təhsildən sərmayə imkanlarına qədər bir çox sahə ilə yerində tanış olduq.
TİMBİR Kiprdə yeni səhifə açdı
Səfərimizin ən mühüm nəticələrindən biri TİMBİR İdarə Heyətinin Türkiyədən kənarda ilk iclasını məhz Şimali Kiprdə keçirməsi oldu.
Sədrimiz doktor Süleyman Basanın rəhbərliyi ilə Türkiyənin müxtəlif şəhərlərindən və dünyanın bir sıra ölkələrindən gələn media təmsilçiləri dörd gün ərzində ortaq məsələləri, rəqəmsal yayımın gələcəyini və yeni əməkdaşlıq layihələrini müzakirə etdilər.
Bu görüşün əhəmiyyəti qəbul olunan qərarlarla məhdudlaşmırdı.
Müxtəlif coğrafiyalarda çalışan jurnalistlərin bir masa arxasında toplaşıb bir-birini tanıması və ortaq hədəflər müəyyənləşdirməsi türk dünyasında media əməkdaşlığının güclənməsi baxımından önəmli idi.
Ortaq tarix, dil və mədəniyyət öz-özünə ortaq media məkanı yaratmır. Bunun üçün qurumlar arasında möhkəm əlaqələr, qarşılıqlı etimad və davamlı ünsiyyət lazımdır.
TİMBİR-in getdikcə böyüyən media ailəsi də məhz bu ehtiyaca cavab verməyə çalışır.
Ən böyük qazanc insan kapitalıdır
Həmişə dediyim kimi, beynəlxalq konfransların, forumların və görüşlərin uğurunu ölçərkən təkcə səslənən çıxışları, imzalanan sənədləri əsas götürməməliyik.
Ən böyük qazanclardan biri insan kapitalının güclənməsidir.
Bir konfransda təməli qoyulan dostluq illər sonra böyük bir layihənin başlanğıcına çevrilə bilər. Bir tanışlıq yeni əməkdaşlığın qapısını aça bilər.
Kiprdə keçirdiyimiz dörd günün ən dəyərli tərəflərindən biri də bu idi. Köhnə dostlarla görüşdük, yeni dostluqlar qurduq, ortaq hədəflərimizdən danışdıq.
2007-ci ilin payızında mərhum Rauf Denktaşın dəvəti ilə ilk dəfə ayaq basdığım bu torpaqlara iyirmi ilə yaxın vaxt keçəndən sonra daha geniş dost çevrəsi və böyük media ailəsi ilə qayıtmağın mənim üçün xüsusi mənası vardı.
O gün Kiprə tarixi həqiqətləri müdafiə etmək üçün gəlmişdik. Bu gün görürəm ki, eyni qətiyyətlə türk dünyasının ortaq media məkanını gücləndirmək üçün çalışırıq.
İllər keçdi, şərait dəyişdi, ünsiyyət imkanları genişləndi. Bizim üçünsə bir həqiqət dəyişmədi: Kipr bizim üçün Aralıq dənizində bir ada olmaqdan daha böyük məna daşıyır, o, ortaq tariximizin, milli yaddaşımızın və qardaşlığımızın bir parçasıdır.
Və hər səfərimizdə bir daha anlayırıq ki, Kiprə gedən yol hava limanlarından, dənizlərdən keçdiyi qədər könüllərdən də keçir.
