Bu il Mərkəzi Bank hansı qanun pozuntularına görə bankları cərimələyib? – SİYAHI
Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı il ərzində bir sıra banklara qarşı qanun pozuntularına görə nəzarət tədbirləri tətbiq edib.
Yurd.Media xəbər verir ki, pozuntular əsasən çirkli pulların yuyulmasına qarşı mübarizə, ödəniş əməliyyatları, kreditlərin rəsmiləşdirilməsi və kassa əməliyyatları ilə bağlı olub.
Bankların bir qisminə icrası məcburi sərəncam verilib, digərlərinin vəzifəli şəxsləri isə inzibati qaydada cərimələnib.
Çirkli pulların yuyulmasına qarşı mübarizə tələblərinin pozulması
Mərkəzi Bank cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə iki bankın vəzifəli şəxsini cərimələyib.
“Azər-Türk Bank” ASC – 10 min manat
“Bank of Baku” ASC – 10 min manat
Hər iki cərimə iyul ayında tətbiq edilib.
Digər inzibati xətalara görə cərimələr
May ayında beş bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb olunublar.
“Azər-Türk Bank” ASC – 1,5 min manat
“Bank Avrasiya” ASC – 1,5 min manat
“AccessBank” ASC – 1,5 min manat
“Yelo Bank” ASC – 1,6 min manat
“Xalq Bank” ASC – 1,6 min manat
Kreditlərin rəsmiləşdirilməsi ilə bağlı pozuntu
“Rabitəbank” ASC kreditlərin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması faktı barədə Mərkəzi Banka yazılı bildiriş təqdim etməyib.
Bununla “Banklar haqqında” Qanunun 25.1.4-cü maddəsinin tələbləri pozulub.
AMB mart ayında banka icrası məcburi sərəncam verib.
Ödəniş əməliyyatları ilə bağlı pozuntu
“Bank Respublika” ASC müştəri köçürmələrinin və inkasso sərəncamının icrası zamanı “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın tələblərini pozub.
Mərkəzi Bank aprel ayında banka icrası məcburi sərəncam verib.
Kassa əməliyyatları ilə bağlı pozuntu
“Rabitəbank” ASC kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası qaydalarının 3.20-ci bəndinin tələblərinə əməl etməyib.
Buna görə iyul ayında banka icrası məcburi sərəncam verilib.
Bundan başqa, iki banka qarşı ümumilikdə 3 icrası məcburi sərəncam verilib. “Rabitəbank” ASC-yə iki, “Bank Respublika” ASC-yə isə bir sərəncam tətbiq olunub.
Qeyd edək ki, icrası məcburi sərəncam pul cəriməsi deyil, bankdan aşkar edilmiş pozuntunun aradan qaldırılmasını və ya müvafiq tələblərin yerinə yetirilməsini tələb edən nəzarət tədbiridir.