Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Yetim uşaqlar atasını iki dəfə itirir:
Yetim uşaqlar atasını iki dəfə itirir:
Ana səhifə

Yetim uşaqlar atasını iki dəfə itirir: Onunla qarşılaşmaq imkanım olsaydı… - FOTO

Xpress.az Redaksiyası 23.11.2026 11:23

Atamın öldüyünü illər sonra bildim...

Yetim uşaqlar atasını iki dəfə itirir. Birinci dəfə onu torpağa tapşıranda, ikinci dəfə isə həyatın hansısa məqamında arxaya çevrilib onun yerini boş görəndə.

Mən atamı yeddinci sinifdə oxuyanda itirmişəm. Amma onun ölümünü illər sonra, artıq böyüyəndə dərk etmişəm. Hətta deyərdim ki, atamın yoxluğunu bu gün də yaşayıram. Bəzən heç gözləmədiyim bir hadisənin içində. Məsələn, yoldaşlar ata sağlığına badə qaldıranda mənə baxıb öncə deyirlər ki, “həyatdan köçən atalara Allah rəhmət eləsin”. Bunu da anlamıram. Axı o sağ olanda mən uşaq idim! O zaman mən hələ içmirdim, hələ atamın sağlığına içəcək yoldaşlarım da yox idi. Həm də o yaşlarda olan yoldaşlar bir-birinin atasını sevmir. Çünki həmin yaşlarda yoldaşın atası mübahisə, dava zamanı sənin üçün potensial hədə mənbəyidir. Gəlib qulağını çəkər...

Uşaqlığım Qəbələnin dağlar qoynunda yerləşən bir kəndində keçib. İndi Qəbələ Azərbaycanın ən gözəl turizm bölgələrindən biridir. İnsanlar ora istirahətə gedir, dağların gözəlliyindən danışır, təbiətə heyran qalırlar. Bizim uşaqlığımızda isə həmin dağların o üzündə başqa bir dünya vardı. Biz o dünyanı daha çox televizordan görürdük. Əlqərəz, dağların qoynunda yaşamaq uzaqdan göründüyü qədər romantik deyildi.

Ailədə altı uşaq olmuşuq. Beş bacı, bir qardaş. O bir qardaş da mən idim. Bacılarımı çox cırnadırdım ki, siz mənə görə dünyaya gəlmisiniz. Bəzisi gülür, bəzisi isə həqiqətən çox cırnayırdı. Böyüyəndən sonra bu zarafatı bir dəfəlik yığışdırdım.

Bilirsiniz, dağların qoynunda, boranda, çovğunda, altı uşaqlı ailədə insan bir az tez böyüyür. Amma mənimki lap müsibət oldu, lap tez böyümək məcburiyyətində qaldım. Atam xəstələndi. Öyrəndik ki, xərçəngdir. Bu azarın adını cümlənin içində gəlir deyə balaca hərflərlə yazdım. Ümid edirəm ki, mənə qarşı kinlənməz. Özümdən aslı deyil, bu xəstəliyin adını hər dəfə eşidəndə ağlıma ölüm hökmü gəlir. Bəzi ölkələrdə ən ağır cinayət törədən insanlara ölüm cəzası verilir. Xərçəng də mənə bəzən həyatın günahkar insanlara verdiyi ölüm hökmü kimi görünür. Nə məhkəməsi var, nə vəkili, nə də hökmündən şikayət etmək imkanı.

Əlbəttə, bu gün tibb xeyli inkişaf edib. Xərçəngin bir çox növləri müalicə olunur, insanlar sağalır, uzun illər yaşayırlar. Amma 2000-ci illərin əvvəllərində bizim kimi ailələr üçün bu diaqnoz çox vaxt sonun başlanğıcı demək idi. Düzdür, atamı yaşatmaq üçün əldən gələni etdik. Ailəmizin nəyi vardısa, onun müalicəsinə xərcləndi. İllərlə yığılan pullar, əldə olan imkanlar, sabah üçün saxlanılan nə vardısa... Amma höküm verilmişdi və icra olundu – Atam öldü.

İndi bu barədə yazanda özümü ağlamaqdan saxlaya bilməyən, atasının tabutuna sarılan bir uşaq kimi təsvir edə bilərdim. Bəlkə oxucuya daha təsirli gələrdi. Amma həqiqət belə deyil.

Atamla aramızda böyük bir məsafə vardı. O dövrün kənd ailələrində atalar indiki atalar kimi deyildilər. Ən azı bizim ailədə belə idi. Ata ailənin başçısı, evin hökm sahibi idi. Onun yanında hər sözü danışmaq, hər hissi ifadə etmək olmazdı. Atalar övladlarını sevirdilər, amma bu sevgini göstərməyi çox vaxt bacarmırdılar. Uşaqlar da atalarını sevirdilər, amma bunu dilə gətirməyə çəkinirdilər. Bunlardan dolayı atamla dost olmamışdıq. Uzun-uzadı söhbətlərimiz, sirr bölüşdüyümüz anlarımız yox idi. Bəlkə də buna görə onun ölümünün həyatımda nə qədər böyük boşluq yaradacağını həmin vaxt anlamadım. Bir də ki, uşaq ölümün nə olduğunu bilir, amma yoxluğun nə demək olduğunu hələ bilmir axı. Bunu öyrənmək üçün böyümək lazımdır.

Atamın ölümündən sonra ailəmizin həyatı dəyişdi. Bir vaxtlar müəyyən imkanları olan evimizdə artıq hər qəpiyin hesabı aparılırdı. Anam altı övladının gələcəyini düşünürdü. Bacılarımdan biri ailə qurmuşdu. Digər dördü hələ subay idi. Onların ailə qurması, cehizi, toyları, evimizin gündəlik qayğıları... Mən də məktəbli idim. Amma məktəbli olmaq məni bu qayğılardan azad etmirdi. Sabahları bazara gedirdim. Evdən apardığımız müxtəlif məhsulları satır, pul qazanmağa çalışırdım. Toylarda uşaqlar üçün yeməli şeylər satdığım günlər də olub. Bəzən həmin toyları xatırlayıram. Musiqi səslənirdi, insanlar oynayırdı, uşaqlar şənlənirdi. Mən isə alıcı gözləyirdim. Hamı üçün toy əyləncə idi, mənim üçün həm də qazanc yeri.

İndi o günləri düşünəndə ən çox nəyə təəssüflənirəm, bilirsiniz?

Uşaqlığımı itirdiyimə. Amma həmin vaxt bunun fərqində deyildim. Mənə elə gəlirdi ki, həyat belə də olmalıdır. Məktəbə getməli, dərs oxumalı, işləməli, evə kömək etməlisən. Bütün bunların içində öz arzularına da yer tapmalısan. Açığı deyim ki, arzuma da çatdım. Diktorlara baxıb böyük qutunun içinə girib xəbərləri söyləyən uşaq böyüdü və universitetə qəbul oldu.

Bakıya gəldim. Yeni həyat başladı. Amma ailənin qayğıları kənddə qalmamışdı. Mənimlə birlikdə Bakıya da gəlmişdi.

Sonralar başa düşdüm ki, mən təkcə atamın özü üçün deyil, onun varlığının verə biləcəyi arxayınlıq üçün darıxırmışam. Bəzən bir çətinliklə üzləşəndə düşünürdüm ki, atam sağ olsaydı, bu məsələni o həll edərdi. Bəlkə də edə bilməzdi. Amma mən heç olmasa, onunla məsləhətləşə bilərdim.

Atanın varlığı bəzən heç nə etmədən də övladına güc verir.

İllər keçdi. Universiteti bitirdim, işləməyə başladım, ailə qurdum. Və həyatımın ən unudulmaz, eyni zamanda ən ağır anlarından birini öz elçiliyimdə yaşadım.

Bizim adətlərimizdə oğlan evindən qız evinə elçi gedərlər. Böyüklər danışar, ailələr tanış olar, gələcək haqqında söhbət edərlər. Qız atası qızının taleyini etibar edəcəyi ailəni tanımaq istəyər. Oğlan atası da oğlunun arxasında dayanar, onun haqqında danışar, bir növ oğluna zamin durar. Mənim də elçiliyim oldu. Anam, qohumlarım bu işdə yanımda idilər. Heç vaxt onların zəhmətini, qayğısını kiçiltmək istəmərəm. Amma atam yox idi.

Gələcək qaynatam elçiliyə məni də çağırdı. Tanımaq, fikirlərimi öyrənmək, niyyətimi bilmək istəyirdi. Bu, tamamilə təbii idi. Hər ata qızının gələcəyindən əmin olmaq istəyər.

O söhbət mənim üçün çox ağır keçdi. Çünki həmin an bir həqiqəti bütün ağırlığı ilə hiss etdim: mənim yerimə danışacaq atam yox idi. Özüm danışmalı, özüm söz verməli, özüm özümə zamin durmalı idim.

İnsan özünü nə qədər güclü hesab etsə də, elə anlar olur ki, bütün gücü bircə adamın yoxluğu qarşısında aciz qalır. Mən o gün atam üçün çox darıxdım. Artıq uşaq deyildim. Universitet bitirmiş, işləyən, ailə qurmağa hazırlaşan bir kişi idim. Amma həmin söhbətdə içimdəki atasız uşaq yenidən oyandı.

O gün anladım ki, yetimlik yaşla keçmir. İnsan əlli yaşında da atasız uşaq ola bilər.

İllər ötdükcə həyatımda çox şey dəyişdi. Bir vaxtlar əlçatmaz görünən arzularımın bir qisminə çatdım. Oxudum, işlədim, müəyyən uğurlar qazandım. Amma keçdiyim çətinlikləri qəhrəmanlıq hekayəsinə çevirmək istəmirəm. Bizim cəmiyyətdə belə bir düşüncə var: guya uşaqlıqda əziyyət çəkən insan daha möhkəm, daha iradəli olur. Bəlkə müəyyən qədər doğrudur. Amma bu düşüncənin təhlükəli tərəfi də var. Biz bəzən məhrumiyyətləri o qədər tərifləyirik ki, uşaqların məhrumiyyətsiz böyümək haqqını unuduruq. Əzab hər kəsi müdrikləşdirmir. Əksinə, bəzən insanın içində elə yaralar açır ki, ömrü boyu sağalmır.

Mən yaşadıqlarımdan utanmıram. Bazarda işlədiyim, toylarda alver etdiyim günlərdən də. O günlər mənim həyatımın bir parçasıdır. Amma heç vaxt istəmərəm ki, övladlarım mənim yaşadıqlarımı yaşasınlar.

Bu sabah qayğısız, isti yatağında yatan oğlum Meteyə baxanda bütün bunlar yenidən yadıma düşdü və üzünə baxıb qəribə bir qorxu keçirdim.

Düşünürəm ki, biz dünyaya övlad gətirməyi həyatın ən təbii hadisələrindən biri hesab edirik. Evlənirik, uşaqlarımız doğulur, ata-ana oluruq. Təbriklər qəbul edir, sevinir, gələcək haqqında arzular qururuq. Amma görəsən, övlad sahibi olmağın məsuliyyətini nə qədər dərk edirik?

Ata olmaq təkcə uşağın dünyaya gəlməsinə səbəb olmaq deyil. Onun böyüməyini görmək, ehtiyac duyduğu vaxt yanında olmaq, həyatının ən mühüm anlarında əlindən tutmaqdır. Mən bəzən öz davranışlarıma bu düşüncə ilə baxıram. Siqaret çəkəndə, avtomobili yüksək sürətlə idarə edəndə, sağlamlığıma fikir verməyəndə, düzgün qidalanmayanda, soyuqda, yağışda özümü qorumayanda Metenin haqqını yemiş oluram.

Mete hələ mənim keçdiyim yollardan xəbərsizdir. Atasının uşaqlıqda hansı çətinliklərlə üzləşdiyini, hansı qayğılarla böyüdüyünü, öz elçiliyində nə hiss etdiyini bilmir. Bəlkə bir gün danışacağam. Bəlkə bu yazını oxuyacaq.

Amma istəmirəm ki, o, atasının həyatını özünə nümunə götürərkən əzablarını da təkrarlamağa çalışsın.

İstəyirəm ki, məndən daha rahat böyüsün. Daha çox oynasın, daha çox gülsün, daha az qayğı çəksin. Uşaqlığını yaşasın. Gələcək haqqında düşünəndə ailəsinin yükünü yox, öz arzularını düşünsün.

Mən onun bütün problemlərini həll edə bilməyəcəyəm. Hər çətinliyini aradan qaldırmaq da doğru olmaz. O da böyüyəcək, səhvlər edəcək, yıxılacaq, yenidən ayağa qalxacaq. Həyatın öz dərslərini alacaq. Amma istəyirəm ki, bütün bunları yaşayanda arxasında bir adamın dayandığını bilsin. Bir gün o da ailə qurmaq istəsə, elçiliyinə gedim. Gələcək qayınatasının qarşısında oturum. Oğlum haqqında danışım. Onun yaxşı və pis tərəflərini hamıdan yaxşı bilən bir ata kimi gözlərimin içinə baxan adama deyim ki, “Mənim oğlum sizin qızınızı xoşbəxt etmək üçün əlindən gələni edəcək.”

Bəlkə də bu sözləri deyəndə öz atamı xatırlayacağam. Bəlkə həmin gün, illər əvvəl öz elçiliyində təkbaşına söz verməli olan o gəncin ürəyindəki boşluq bir az dolacaq.

Bilmirəm.

İnsan həyatının nə qədərini öz arzuları, nə qədərini isə keçmişinin yarımçıq qalmış hekayələri ilə yaşayır, bunu müəyyən etmək çətindir. Bildiyim odur ki, keçmiş bizi qarabaqara izləyir. Mən indi də Qəbələyə gedəndə uşaqlığımın keçdiyi yerlərə başqa gözlə baxıram. O dağlar, o yollar, o kənd... Bir vaxtlar dünyaya açılmaq üçün arxada qoymaq istədiyim yerlər indi məni özünə çəkir. Bəzən bazarda işləyən o balaca oğlanı xatırlayıram. Əlində satmağa gətirdiyi məhsullar, gözündə yorğunluq, ağlında evin qayğıları. Onunla qarşılaşmaq imkanım olsaydı, yəqin ki, heç nə deməzdim. Sadəcə qucaqlayardım. Çünki o uşağın ən çox ehtiyac duyduğu şey elə bu idi.

İndi atamın yoxluğunu ən çox oğlumun varlığında hiss edirəm və çox qorxuram. Hər dəfə Meteyə baxanda öz uşaqlığım gözlərimin önünə gəlir. İçimdən bir arzu keçir:

Kaş ömrüm çata, kaş onun böyüdüyünü görə biləm, kaş bir gün o da həyatın çətinlikləri qarşısında dayananda mənim kimi arxaya baxıb boşluq görməyə.

Çünki mən atamı iki dəfə itirdim!

Nicat Abdullayev

Bakı, 23.11.2026

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Azərbaycan və Çexiya hərbi-texniki sahədə əməkdaşlıq edəcək

23.11.2026 14:19 Gündəm

Tramp və Paşinyan TRIPP layihəsinin başladıldığını elan ediblər

23.11.2026 13:37 Siyasət

“Kökümüzə Qayıdış” –

23.11.2026 13:12 Cəmiyyət

Sabah 20 dərəcə isti olacaq

23.11.2026 12:39 Cəmiyyət

Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib -

23.11.2026 12:33 Ana səhifə

İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

23.11.2026 12:28 Siyasət

Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ:

23.11.2026 11:59 Cəmiyyət

Ölkəmizdə ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib

23.11.2026 11:36 Cəmiyyət

Azərbaycan Çinə 21 ton fındıq ləpəsi ixrac edib

23.11.2026 11:25 İqtisadiyyat

Bakıda 71 yaşlı qadın üzərində

23.11.2026 10:25 Ana səhifə

“İşığa doğru” beynəlxalq incəsənət layihəsi Bakıda təqdim olunacaq

23.11.2026 10:15 Mədəniyyət

Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edildi

23.11.2026 10:13 Siyasət

Aparıcının öldüyü qəzadan

23.11.2026 09:44 Hadisə

Süni Ay torpağında kartof yetişdirildi

23.11.2026 09:43 Maraqlı

Özünü vəzifəli şəxs kimi təqdim edib işə düzəltmək vədi ilə 31 minlik dələduzluq etdi –

23.11.2026 09:06 Cəmiyyət

Bakıda birinci oldu, Vyanada Motsartın evində səhnəyə çıxdı

23.11.2026 07:21 Mədəniyyət

Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib

22.11.2026 19:27 Siyasət

Denktaşın dəvətindən bu günümüzə: Bir adanın Birinci hekayəsi... –

22.11.2026 16:47 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək