Türkologiyanın paytaxtı yenə Bakı olur? - RƏY
Prezident İlham Əliyev “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi " ilə əlaqədar Sərəncam imzalayıb. Türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi üçün bu ən mühüm addımlardan biridir. Türk xalqlarının birləşməsi istiqamətində atılan addımları Turan birliyinin yaranmasının yaxınlaşması kimi də proqnozlaşdırmaq ola bilərmi? Sualı maraq doğurur. Məsələ ilə bağlı Xpress.az -a akademik Nizami Cəfərov fikirlərini bölüşüb.
"Azərbaycan Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı imzaladığı sərəncam bir neçə mühüm səbəbdən tamamilə təbiidir.
Əvvəla, Azərbaycan bu gün Türk dünyasının aparıcı ölkələrindən biridir. Ölkə başçısı İlham Əliyev isə yalnız regional lider deyil, həm də ərazi bütövlüyümüz uğrunda tarixi zəfərə imza atmış Müzəffər Ali Baş Komandandır. Onun rəhbərliyi ilə Azərbaycan yalnız torpaqlarını deyil, milli kimliyini və mədəni irsini də yenidən gücləndirib.
Bütün Türk dünyasını əhatə edən və bu miqyasda yeganə olan Türkoloji Qurultay 1926-cı ildə Azərbaycanda – Bakıda keçirilib. O vaxtdan bəri bu səviyyədə və beynəlxalq miqyasda ikinci belə tədbir olmayıb. Bu səbəbdən, həmin tədbirin 100 illiyini qeyd etmək təkcə bizim haqqımız deyil, həm də tarixi məsuliyyətimizdir.
XX əsrin əvvəllərində, xüsusilə sovet hakimiyyətinin ilk illərində Bakı Türk dünyasının elmi və mədəni mərkəzlərindən birinə çevrilmişdi. Professor Bəkir Çobanzadə kimi dövrünün ən nüfuzlu türkoloqları da məhz burada yaşayıb və fəaliyyət göstəriblər. Azərbaycanın paytaxtı müxtəlif Türk respublikalarından gəlmiş alimlərin bir araya gəldiyi, elmi diskussiyaların mərkəzi olmuşdur.
Bu baxımdan əminliklə demək olar ki, Birinci Türkoloji Qurultayın 100 illiyi Azərbaycanda yüksək səviyyədə, geniş beynəlxalq iştirakla və təntənə ilə qeyd olunacaq. Bu hadisə təkcə Azərbaycan miqyasında deyil, bütün Türk dünyası və elm aləmi üçün əlamətdar olacaq. Türkologiya sadəcə bir elm sahəsi deyil – bu, eyni zamanda ümumtürk mədəni irsinin, ortaq yaddaşın və kimliyimizin təməl sütunlarından biridir.
1926-cı ildə Bakıda keçirilən Qurultayda yalnız türk respublikalarından deyil, Rusiya, Almaniya, Estoniya kimi ölkələrdən də tanınmış alimlər iştirak etmişdi. Bu da həmin qurultayın beynəlxalq miqyasda nə qədər önəmli olduğunun sübutudur.
Bəzən sual olunur: "Qurultayın yenidən keçirilməsi Turan birliyinə doğru addım sayıla bilərmi?" Bu, artıq məsələnin siyasi müstəviyə keçməsi deməkdir. Hərçənd bu gün Türk dünyasında inteqrasiya prosesi çoxşaxəli şəkildə inkişaf edir — istər elmi, istər mədəni, istərsə də qismən ideoloji baxımdan. Bu baxımdan Birinci Türkoloji Qurultayın davamı olan belə tədbirlər bizim üçün həm istinad nöqtəsidir, həm də gələcəyə yol xəritəsi.
Bəli, Turan birliyi bizim idealımızdır. Bu ideal XIX əsrin sonlarında, XX əsrin əvvəllərində Əli bəy Hüseynzadənin ideoloji təməllərini qoyduğu bir hədəfdir. Onun nə dərəcədə real, nə dərəcədə obrazlı olması isə zamanla müəyyən olunacaq. Amma etiraf etməliyik ki, bölgədə bəzi qonşu dövlətlər daxil olmaqla, bizim güclənməyimizi istəməyənlər də az deyil. Nə vaxt bu birliyə dair mövzu gündəmə gəlir, dərhal qəribə və planlı hücumlar başlayır.
Bu səbəbdən də diqqətimizi real və davamlı işlərə yönəltməyimiz daha məqsədəuyğundur. Hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində gedən inteqrasiya prosesi bizim üçün əsas platformadır. Məsələn, bəzi türk xalqları hələ də kiril əlifbasından istifadə edir. Bu səbəbdən biz Azərbaycanda latın qrafikalı əlifba ilə bağlı keçidi tamamlamaq və ortaq ədəbi dilimizin qarşılıqlı anlaşılmasını təmin etmək üzərində daha fəal işləməliyik.
Bununla yanaşı, Qurultayın keçirilməsi bir çox yeni ideya və təşəbbüslərə yol açacaq. Simvolik şəkildə desək, XXI əsr Türk birliyi əsrinə çevrilə bilər. Tarix boyunca türklər dünyanı idarə edən böyük dövlətlər qurublar. Bu, bizim genetik və tarixi potensialımızın göstəricisidir".
AFAQ