Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət ABŞ Kolumbiya prezidenti Qustavo Petroya qarşı san...
ABŞ Kolumbiya prezidenti Qustavo Petroya qarşı sanksiyalar tətbiq edib
Siyasət

ABŞ Kolumbiya prezidenti Qustavo Petroya qarşı sanksiyalar tətbiq edib

Xpress.az Redaksiyası 25.10.2025 16:35

ABŞ hökuməti Kolumbiyanın solçu prezidenti Qustavo Petroya qarşı sanksiyalar elan edib. Vaşinqton rəsmi olaraq onu ölkədə narkotik ticarətinin qarşısını ala bilməməkdə və kartellərə “çiçəklənmək üçün şərait yaratmaqda” ittiham edir.

Xpress.az xəbər verir ki, bu qərar ABŞ prezidenti Donald Tramp ilə Qustavo Petro arasında artan diplomatik gərginliyin yeni mərhələsi hesab olunur. İki lider arasında gərginlik, ABŞ-ın Karib dənizində “narkotik daşıyan” gəmilərə zərbə endirməsindən sonra daha da dərinləşib. Həmin hücumlar nəticəsində onlarla insan, o cümlədən kolumbiyalı vətəndaşlar həlak olub. Petro bu əməliyyatları “qətl” adlandırıb, Tramp isə iddia edib ki, “digər ölkələr narkotik gəmilərini dayandırmaqda aciz qalıb”.

ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent bəyan edib ki, Petro hakimiyyətə gələndən bəri Kolumbiyada kokain istehsalı “son onilliklərin ən yüksək səviyyəsinə” çatıb və bu vəziyyət “ABŞ-ı narkotiklərlə zəhərləyir”.

Sanksiyalar Kolumbiyanın daxili işlər naziri Armando Benedetti, həmçinin prezidentin həyat yoldaşı və böyük oğlunu da əhatə edir. Onların ABŞ ərazisindəki aktivlərinə və əmlaklarına çıxışları qadağan olunub.

Prezident Petro isə cavabında bildirib ki, o, “onilliklərdir narkotik ticarətinə qarşı mübarizə aparır” və hökumətinin kokain tarlalarının genişlənməsinin qarşısını aldığını vurğulayıb:

“ABŞ Maliyyə Nazirliyinin addımı zülmkar rejimlərə xas olan özbaşınalıqdır,” – deyə o bildirib.

ABŞ Kolumbiyanı “narkotiklərlə mübarizədə müttəfiq ölkə” statusundan da çıxarıb, bu da maliyyə dəstəyinin dayandırılması deməkdir. Cavab olaraq, Kolumbiya ABŞ-dan silah alışı proqramını dayandıracağını bəyan edib.

Ekspertlərin fikrincə, Petro hökumətinin “tam sülh” siyasəti də çətin vəziyyətdədir. Kartellərlə aparılan sülh danışıqları dayanıb, ölkədə zorakılıq halları artır. Petro BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ-ın hücumlarını “Latın Amerikasını güc vasitəsilə idarə etmək cəhdi” kimi dəyərləndirib.

Qustavo Petroya qarşı sanksiyalar ABŞ-ın dövlət başçısına bu səviyyədə cəza tətbiq etdiyi nadir hallardandır. Bu addım Vaşinqtonun Kolumbiya ilə münasibətlərində yeni və ciddi böhranın yaranmasına səbəb olub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək