Aydın Mirzəzadə: “Televiziya və radio cəmiyyətin güzgüsüdür”
Bu gün Azərbaycan Televiziyası və Radiosu günüdür. Televiziya bu günə qədər uzun və çətin bir inkişaf yolu keçərək, müxtəlif maneələri aradan qaldırıb. Bəs televiziya və radionun əsas funksiyaları nələrdir? Bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə Xpress.az-a danışıb. Deputat həmçinin bayram münasibətilə bütün televiziya və radio əməkdaşlarını təbrik edib:
“İlk növbədə hər kəsi Televiziya və Radio Günü münasibətilə ürəkdən təbrik edirəm. Onlarsız bu gün həyatımızı təsəvvür etmək mümkün deyil. Azərbaycan televiziyası və radiosu bu illər ərzində kifayət qədər zəngin və maraqlı bir yol keçib. Hər ikisi cəmiyyətin güzgüsüdür — cəmiyyətdə baş verən dəyişikliklər, tələblər, problemlər televiziya və radio verilişlərinin məzmununda öz əksini tapır.
Heç də təsadüfi deyil ki, biz xəbərləri ilk növbədə məhz oradan almağa çalışırıq. Eyni zamanda televiziya və radiodakı maraqlı verilişlər daim diqqət çəkir, bəzən isə orada qaldırılan məsələlər uzun müddət cəmiyyətin müzakirə mövzusuna çevrilir.”
Aydın Mirzəzadənin sözlərinə görə, televiziya və radionun ümumilikdə üç əsas vəzifəsi var:
“Birincisi, cəmiyyəti operativ, obyektiv və yalansız məlumatlandırmaqdır.
İkincisi, maarifləndirməkdir — hər birimiz müəyyən bir sahənin nümayəndəsi olsaq da, digər sahələr barədə də dolğun məlumat almaq istəyi daima mövcuddur. Bu iki funksiyanın düzgün yerinə yetirilməsi cəmiyyətin möhkəm dayaqlar üzərində inkişafına böyük təsir göstərir.
Üçüncü vəzifə isə insanları əyləndirməkdir. Bu, həyatın ayrılmaz bir hissəsidir və bundan qaçmaq olmaz. Televiziya və radionun fəaliyyətində bu üç amil — məlumatlandırmaq, maarifləndirmək və əyləndirmək — daim özünü göstərir.”
Deputat sonda qeyd edib ki, Azərbaycan televiziyası və radiosu dövrün tələblərinə uyğun inkişaf edir:
Afaq Qurbanzadə