Gürcüstan hökuməti ATƏT sədrinə uduzdu ŞƏRH
Gürcüstanın Baş naziri İrakli Kobaxidze hazırda ölkədə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə görüşünü ləğv edib.
Hökumətin bəyanatında bildirilib ki, bu qərar Elina Valtonenin qanunsuz mitinqdə iştirakı və yalan bəyanatlar yayması ilə əlaqədar qəbul edilib.
Həqiqətən də dünən Elina Valtonen Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etirazçılara qatılıb, mitinq iştirakçıları ilə görüşüb və onlara dəstəyini ifadə edib.
Öncə Valtonen mtinqdə nə deyib, hansı mesajları verib, gəlin, buna diqqət çəkək. O, etirazçıların sülh yolu ilə toplaşmaq hüququnu vurğulayıb və zorakılığı qınayıb. Həmçinin, insanların demokratiya, ifadə azadlığı və əsas insan hüquqları üçün toplaşmaq haqqı olduğunu söyləyib.
ATƏT sədri, eyni zamanda, Gürcüstan hökumətinə çağırış da edib. O, hökumətə vəziyyətdən çıxış yolu tapmağı və əsas hüquq-azadlıqları qorumağı tövsiyə edib. Bundan başqa, müxalifət liderlərinin həbsini “disproportionate legal procedures” (qeyri-mütənasib hüquqi prosedurlar) kimi tənqid edib.
Valtonen, həmçinin Finlandiyanın Gürcüstanın gələcəkdə Avropa Birliyi üzvlüyünü dəstəkləyəcəyini, lakin bunun üçün Gürcüstanın lazımi kriteriyaları yerinə yetirməli olduğunu qeyd edib.
Bu arada, ATƏT rəsmisinin öz “X” hesabında mitinq yerindən qısa video və yazılı açıqlamalar da paylaşıb.
Qayıdaq Gürcüstan hakimiyyətinin baş verənlərə reaksiyasına. Qeyd edildiyi kimi, Valtonenin bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü planlaşdırılırdı. Lakin ATƏT sədrinin dünənki mitinqə qoşulması və orada müəyyən bəynatlar verməsi bu planlaşdırılmış görüşün ləğvinə səbəb olub. Hökumət bu addımı “qanun pozuntusu” və ya diplomatik normalara zidd addım kimi qiymətləndirən rəsmi bəyanatlar verib.
Əslində, bu faktın özü Gürcüstan siyasət maşının nasaz olduğunu göstərir. Əvvəla, ATƏT sədrinin yenicə seçkilər keçirilmiş bir ölkədə baş verən etiraz mitinqinə qoşulması onun mandatına tam uyğun olan məsələdir.
ATƏT "soyuq müharibə”nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. Onun müvafiq təsisatları isə insan hüquq və azadlıqlarının eləcə də digər məsələlərin müdfiəçisi kimi çıxış edirlər.
Ona görə də sözügedən təşkilatın fəaliyyətdə olan sədrinin Gürcüstanda baş verən proseslərdə birbaşa iştirakı və hadisələrə, tərəflərin istəklərinə, tələblərinə şəxsən şahidlik etməsi, bəlkə də, ən təbii haldır. Təbii görünməyən isə Gürcüstan hökumətinin reaksiyasıdır. Baş nazir planlaşdırılan görüşü ləğv etmək əvəzinə, ATƏT sədri ilə qarşı-qarşıya oturub prosesi müzakirə etsəydi, özünü bütün Avropa qarşısında daha demokrat, daha tolerant göstərə bilərdi. Elina Valtonenə isə dolayısı ilə yox, birbaşa deyə bilərdi ki, “elə deyil, belədir”.
Belə olduqda, ATƏT sədri hər iki tərəfi (müxalifət və iqtidar) dinləmiş olardı və daha səlis nəticə çıxarardı.
Gürcüstanın Baş naziri bu mövqeyi ilə Avropa bürokratiyasına daha bir “kozır” vermiş oldu. Avropaya inteqrasiya yolunda irərliləmək istəyən bir ölkə üçün bu heç də uğurlu manevr deyil. Bir sözlə, Gürcüstan hökuməti bu gedişlə özünü məğlub və təqsirkar duruma saldı.
Sirr deyil ki, bu gün Gürcüstan Avropa-ABŞ-Rusiya arasında var-gəl etməkdədir. Bu üçlüklə korlanmış münasibətlərin bərpası istiqamətində müxtəlif addımlar atılır və ya buna cəhdlər edilir. Lakin hələlik bir-iki xırda məsələləri çıxmaqla Gürcüstanın xeyrinə elə də ciddi proseslər görünmür. Bu da, bəlkə də, Gürcüstan xarici siyasətindəki disbalansdan qaynaqlanır.
ATƏT sədri ilə bağlı baş verənlər də göstərir ki, Gürcüstan iqtidarı xarici siyasətini balanslaşdırmalı və daha praqmatik olmalıdır.
Xpress Analitik Qrupu