Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət “Harada Türkiyə varsa, orada Azərbaycan var”
“Harada Türkiyə varsa, orada Azərbaycan var”
Siyasət

“Harada Türkiyə varsa, orada Azərbaycan var” - Jalə Əliyeva

Xpress.az Redaksiyası 29.10.2025 20:17

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyəni 29 Oktyabr – Cümhuriyyət Günü münasibətilə təbrik edib. Azərbaycan–Türkiyə dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsində hansı hadisələr və ortaq layihələrin mühüm rol oynadığını Milli Məclisin deputatı Jalə Əliyeva Xpress.az-a müsahibəsində dəyərləndirib.

 "Azərbaycan və Türkiyə uzun illər bir-birindən ayrı yaşayıb. 70 illik sovet imperiyasının boyunduruğu Azərbaycanı canı, qanı bir qardaşlarından uzaq salmışdı. Lakin eyni kökdən, dildən, dindən, tarixdən və adət-ənənələrdən gələn böyük sevgi bu ayrılığı aşa bildi. Bu ortaq bağlar süni maneələri, yaradılmış sədləri aşaraq bizi yenidən bir araya gətirdi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə münasibətlər tarixən olduğu kimi yenidən canlandı. Azərbaycanı ilk tanıyan ölkə də məhz Türkiyə Respublikası oldu. Mustafa Kamal Atatürkün bir vaxtlar söylədiyi “orada uzaqlarda dili bir, dini bir qardaşlarımız var; bir gün onlar azad olacaqlar, o günə hazır olmalıyıq və azad olduqları zaman onların yanında olmalıyıq” fikri həqiqətə çevrildi.
Müstəqilliyin ilk günlərindən etibarən biz Türkiyənin dəstəyini gördük. Türkiyə daim yanımızda oldu. 30 illik münaqişə dövründə Ermənistanla bütün əlaqələri kəsdi, iqtisadi və mədəni münasibətləri dayandırdı. 44 günlük Vətən müharibəsi zamanı isə Türkiyənin mənəvi dəstəyi hər bir azərbaycanlı tərəfindən dərin minnətdarlıqla qarşılandı.
Ümumiyyətlə, ötən 30 il ərzində harada Türkiyə varsa, orada Azərbaycan da oldu; harada Azərbaycan varsa, orada Türkiyə də var idi. Azərbaycan beynəlxalq təşkilatlarda hər zaman Türkiyənin maraqlarını qorudu. Xüsusən, Ermənistan və onun havadarlarının uydurma “erməni soyqırımı” iddiaları ilə bağlı Türkiyəyə qarşı yönələn cəhdlərin qarşısının alınmasında ölkəmiz hər zaman prinsipial mövqe nümayiş etdirdi.
Dövlət başçılarının Praqa sammitində Prezident İlham Əliyevin “Siz bu fikirləri söyləyirsiniz, çünki Türkiyə bu masada yoxdur. Amma onlar yoxdursa, mən burdayam!” deməsi bütün dünyaya böyük bir mesaj idi. Bu, Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikrinin, eləcə də Ulu Öndər Heydər Əliyevin “Azərbaycan və Türkiyə – iki dövlət, bir millətdir” kəlamının davamı idi.
Prezident Rəcəb Tayyib Ərdoğanın beynəlxalq müstəvilərdə daim Azərbaycanın maraqlarını müdafiə etməsi, iki ölkə arasında imzalanan çoxsaylı əməkdaşlıq müqavilələri və xüsusilə Şuşa Bəyannaməsi  Türkiyəni Azərbaycanın strateji müttəfiqinə çevirib.
Bu gün bizi bir-birimizə bağlayan saysız nümunələr, ortaq layihələr var. Bu münasibətlərdə Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban Əliyevanın, eləcə də Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğanın qarşılıqlı əməkdaşlığa verdiyi töhfələr danılmazdır.
Bu gün – 29 oktyabrda Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünü, 8 noyabrda isə Azərbaycanın Böyük Zəfər Gününü qeyd edirik. Ötən həftə isə 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü idi. Düşünürəm ki, hər iki respublikanın dostluğu və birliyi bundan sonra da daha böyük uğurlara imza atacaq, bölgənin və dünyanın ən nüfuzlu güclərindən biri olaraq mövqeyini daha da möhkəmləndirəcək."


Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək