Kiçik ekran ,böyük təhlükə
Günümüzdə həyatı mobil telefonsuz təsəvvür etmək mümkün deyil. Lakin bu cihazlardan düzgün istifadə olunmadıqda, onlar sağlamlığa – xüsusilə də görmə qabiliyyətinə mənfi təsir göstərir. Gözaltı kölgələrdən tutmuş müxtəlif xəstəliklərin yaranmasına səbəb olan mobil telefonlar görmə zəifliyinə də yol aça bilər.
Xüsusilə bu problemin azyaşlı uşaqlarda daha çox müşahidə edildiyini bildirən oftalmoloq Vüsalə Qurbanova “Xpress.az” saytına açıqlamasında qeyd edib ki, son dövrlərdə uşaqların və məktəblilərin mobil telefondan istifadəsi xeyli artıb.
“Mobil telefonlardan uzunmüddətli istifadə uşaqlarda göz xəstəliklərinin başlanmasına və quru göz sindromunun yaranmasına səbəb olur. Hər bir valideyn bilməlidir ki, monitora və telefona davamlı baxan uşaqlarda göz qırpma sayı azalır. Bu isə gözlərin qurumasına gətirib çıxarır”, – deyə həkim bildirib.
Oftalmoloq vurğulayıb ki, fasiləsiz ekran izləmək nəticəsində uzağı və yaxını zəif görmə, gözdə ağrı, qaşınma, sulanma, qızartı və yanğı kimi şikayətlər meydana çıxa bilər.
Vüsalə Qurbanovanın sözlərinə görə, uşaqlar və yeniyetmələr mobil telefonlardan və planşetlərdən fasilələrlə istifadə etməli, vitaminlə zəngin qidalarla qidalanmalı və təmiz havada daha çox vaxt keçirməlidirlər.
“Əgər bu simptomlar artıq özünü göstəribsə, mütləq şəkildə həkim–oftalmoloqun müayinəsindən keçmək və lazımi müalicə qəbul etmək vacibdir”, – deyə həkim tövsiyə edib.
Afaq Qurbanzadə