Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Masazırda məktəblilər küçə itlərinin hücumuna məru...
Masazırda məktəblilər küçə itlərinin hücumuna məruz qalır –
Cəmiyyət

Masazırda məktəblilər küçə itlərinin hücumuna məruz qalır – VALİDEYNLƏR NARAHATDIR-VİDEO

Xpress.az Redaksiyası 21.10.2025 10:24

Abşeron rayonunun Masazır qəsəbəsində, xüsusilə də “Yeni Bakı” yaşayış kompleksində yaşayan sakinlər son vaxtlar küçə itlərinin yaratdığı təhlükədən ciddi narahatdır. Sakinlərin sözlərinə görə, sahibsiz itlər sürü halında gəzərək məktəbə gedən uşaqlara hücum edir. Valideynlər uşaqların təhlükəsizliyindən nigarandır və məsələ ilə bağlı aidiyyəti qurumların təcili tədbir görməsini tələb edirlər.

Məsələ ilə bağlı XPress.az Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. İcra Hakimiyyətindən bildirilib ki, son aylarda sahibsiz heyvanlarla bağlı edilən müraciətlərin sayı xeyli artıb. Qurumun açıqlamasına görə, təkcə son üç ay ərzində İcra Hakimiyyətinə və "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi"nə küçə itləri ilə bağlı daxil olan müraciətlərin sayı 200-dən çox olub.

Aparılan araşdırma və daxil olan şikayətlər əsasında, "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" PHŞ tərəfindən Masazır da daxil olmaqla Abşeron rayonu ərazisində müvafiq tədbirlər həyata keçirilib. Mərkəzin əməkdaşları tərəfindən sahibsiz itlər toplanaraq xüsusi sığınacağa yerləşdirilib. Burada heyvanlara humanist yanaşma tətbiq olunur – onlar qısırlaşdırılır, quduzluq xəstəliyinə qarşı peyvənd edilir və identikləşdirilir (qulaq birkası ilə işarələnir). Eyni zamanda, xəstəliyə şübhəli heyvanlar baytar nəzarətinə götürülür.

Sığınacaqda tibbi müayinədən və lazımi prosedurlardan keçmiş sağlam heyvanlar daha sonra əvvəlki yaşadıqları əraziyə geri qaytarılır. Qurum bildirir ki, sahibsiz itlər bir çox hallarda zoonoz, yəni insana keçə bilən yoluxucu xəstəliklərin daşıyıcısıdır. Xüsusilə quduzluq xəstəliyi bu baxımdan ciddi təhlükə yaradır. Bu səbəbdən, dişləmə hallarının qarşısını almaq və uşaqları bu kimi təhlükələrdən qorumaq üçün profilaktik tədbirlərin davam etdirilməsi vacib hesab olunur.

Aidiyyəti qurumlar bildirir ki, sahibsiz heyvanlar nə qədər "insanın sadiq dostu" olsalar da, küçələrdə nəzarətsiz qaldıqda təhlükə mənbəyinə çevrilirlər. Əksər hallarda itlərin hücumuna uşaqlar məruz qalır ki, bu da həm psixoloji, həm də fiziki baxımdan ciddi problemlərə səbəb ola bilər.

Abşeron Rayon İcra Hakimiyyəti və "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" vətəndaşların müraciətlərinə əsaslanaraq tədbirlərin davamlı şəkildə həyata keçiriləcəyini bildirir. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək