Bu sözləri Xpress.az-a açıqlamasında Sağlam qidalanma üzrə mütəxəssis Elnur Nemətov bildirib.
"Cəmiyyət arasında geniş yayılan fikirlərdən biri budur: “İdman etmədən arıqlamaq mümkün deyil.” Əslində isə arıqlama prosesi təkcə fiziki məşqlə deyil, hərəkət yönümlü düşüncə tərzi ilə başlayır. Yəni bədəni dəyişmək üçün əvvəlcə beynimizi dəyişməliyik. Biz məşq proqramından əvvəl həyat fəlsəfəmizi yenidən yazmalıyıq.
İdmanla Hərəkət Arasında Fərq Nədir?
Çoxları bu iki anlayışı bir-biri ilə qarışdırır. Halbuki onların arasında ciddi bir məzmun fərqi var: İdman – məqsədli, planlı və məhdud zaman çərçivəsində görülən fiziki fəaliyyətdir.
Hərəkət – həyat tərzidir. O, düşüncənin və gündəlik seçimlərin nəticəsidir. İdman gündə 1–2 saat davam edə bilər, bəzən bu zaman 3 saata qədər uzana bilər. Hərəkət isə günün 15–16 saatına yayılmış təbii aktivliklər toplusudur.
Bədəni aktivləşdirmək üçün mütləq idman zalına üzv olmaq, bahalı avadanlıq almaq və ya xüsusi geyimlər geyinmək lazım deyil. Hərəkət bəzən ən sadə davranışlarda gizlidir:
Lift yerinə pilləkən seçmək (əgər sağlamlıq imkan verirsə),
Qısa məsafələr üçün nəqliyyat əvəzinə piyada gəzmək,
Ekran qarşısında saatlarla oturmaq əvəzinə ara-sıra dartınmaq,
İş zamanı hər saatda bir neçə dəqiqəlik ayağa qalxıb tərpənmək,
Evdə musiqi ilə azca hərəkət və ya rəqs etmək,
Səhər və axşam 5–10 dəqiqəlik isinmə hərəkətləri.
Bu sadə addımlar gündəlik həyatın içinə daxil olduqca bədən artıq hərəkətə adaptasiya olur. Və dəyişiklik – yorulmadan, stresssiz, davamlı şəkildə baş verir.
Niyə Sadə Hərəkətlər Bədəni Dəyişdirir?
İnsan bədəni hərəkət üçün proqramlaşdırılıb. Uzun müddət passiv qalmaq orqanizmdə bir sıra problemlərə səbəb olur:
Maddələr mübadiləsi zəifləyir,
Əzələlər aktivliyini itirir,
Limfa axını yavaşlayır,
Orqanlar funksional gücünü azaldır.
Hərəkət vərdişi təkcə fiziki görünüşümüzü yox, eyni zamanda daxili enerjimizi də dəyişir:
Gün ərzində daha enerjili oluruq,
Əhval-ruhiyyə yüksəlir,
Yuxu keyfiyyəti yaxşılaşır,
Stres azalır, zehni gümrahlıq yaranır.
Bu mərhələdə artıq idman bizə məcburiyyət yox, özümüzə göstərdiyimiz diqqət və qayğı kimi görünməyə başlayır. Hərəkət həyatımıza daxil olduqca, arıqlama prosesi yalnız fiziki yox, həm də emosional yüngülləşmə halına çevrilir".