Rizvan Hüseynov: 44 günlük Zəfər – Azərbaycanın yeni tarixinin başlanğıcıdır”
Qarşıdan gələn Zəfər Günü Azərbaycan tarixinin ən önəmli hadisələrindən biri kimi qeyd olunur. Bu qələbə təkcə hərbi uğur deyil, həm də ölkənin gələcək siyasi, sosial və mədəni inkişafına yön verən tarixi dönüş nöqtəsidir.
Mövzu ilə bağlı Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Xpress.az-a açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində xüsusi mərhələ açıb:
“Bu, Azərbaycan xalqının və dövlətçiliyinin tarixində böyük bir hadisədir. İllər keçdikcə 44 günlük müharibənin təkcə həyatımıza deyil, həm də regional təhlükəsizliyə, geosiyasətə və iqtisadiyyata təsirlərini daha aydın görürük. Faktiki olaraq, həmin müharibə Cənubi Qafqazın geosiyasi düzənini dəyişdi və bu yeni düzəni artıq Azərbaycan və onun müttəfiqləri formalaşdırır.”
Hüseynovun sözlərinə görə, son iki yüz il ərzində regionun taleyini əsasən xarici qüvvələr – Çar Rusiyası və Qərb dövlətləri müəyyənləşdirirdi:
“Tarix boyu Azərbaycan torpaqları bölünür, xalqımız didərgin salınırdı. Sovet dövründə və 1990-cı illərdə başlayan Qarabağ münaqişəsi də bu siyasətin davamı idi. Ancaq bu gün Azərbaycan artıq regionun sahibidir, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.”
Tarixçinin fikrincə, bu Zəfər 1918-ci ildəki müstəqilliyin əldə olunması və 1991-ci ildə onun bərpası qədər mühüm hadisədir:
“44 günlük müharibə həmin tarixi mərhələləri tamamladı. Nəhayət, babalarımızın və mütəfəkkirlərimizin arzuladığı – tam azad, sərbəst və güclü ordusu olan bir Azərbaycan formalaşdı. Bu hadisə həm tarix kitablarında, həm də xalqımızın yaddaşında parlaq səhifə kimi qalacaq.”
Afaq Qurbanzadə