ABŞ-ın Merilend Universiteti ilə Microsoft-un birgə apardığı yeni tədqiqat süni intellektin ən yaxşı başa düşdüyü dilin, gözlənildiyi kimi İngilis dili deyil, Polyak (Polşa) dili olduğunu ortaya çıxarıb
Tədqiqat göstərir ki, Polyak dilində verilən komandalar süni intellekt tərəfindən 88% düzgünlüklə yerinə yetirilir. Uzun illər “texnologiyanın dili” hesab edilən İngilis dili isə gözlənilənin əksinə 26 dil arasında yalnız 6-cı sırada qərar tutub.
ƏN ÖNDƏ GƏLƏN MODELLƏR TEST EDİLDİ
Tədqiqatda OpenAI, Google Gemini, Meta Llama, Qwen və DeepSeek kimi aparıcı dil modelləri test edilib. Bütün modellər eyni təlimatları 26 fərqli dildə cavablandırıb və nəticələr təəccüblü olub.
İNSANLAR ÜÇÜN ÇƏTİN, AMMA SÜNİ İNTELLEKTƏ ASAN
Polyak dili indiyədək öyrənilməsi ən çətin dillərdən biri hesab olunurdu. Lakin tədqiqat göstərir ki, süni intellekt bu dili mükəmməl şəkildə emal edir.
Polşa Patent İdarəsi Facebook paylaşımında belə qeyd edib:
“İnsanların öyrənməkdə çətinlik çəkdiyi Polyak dili süni intellekt üçün ən düzgün və aydın dilə çevrilib.”
GÖZLƏNMƏMİŞ SIRALAMA
Süni intellekt sistemlərinin təlim aldığı məlumat bazalarında İngilis və Çin dilləri üstün olsa da, bu dillərin performansı gözləntilərin altında qalıb.
Çin dili siyahıda son dördüncü sırada yer alıb.
Yüksək nəticələr belədir:
1. Polyak dili — 88%
2. Fransızca — 87%
3. İtalyanca — 86%
4. İspanca — 85%
5. Rusca — 84%
6. İngiliscə — 83,9%
7. Ukraynaca — 83,5%
8. Portuqalca — 82%
9. Almanca — 81%
10. Hollandca — 80%
ARTIQ İNSAN KİMİ DÜŞÜNMÜR
Mütəxəssislərə görə bu nəticələr süni intellekt modellərinin insan dilinin struktural çətinliklərini fərqli şəkildə şərh etdiyini göstərir. Yəni bir dil insanlar üçün çətin olsa da, alqoritmlər üçün daha “məntiqli” bir sistem təqdim edə bilər.