“2025-ci ildə ən çox istifadə olunan parollar müəyyən edilib
Kibertəhlükəsizlik mütəxəssislərinin bütün xəbərdarlıqlarına baxmayaraq, istifadəçilərin zəif parol vərdişləri dəyişməyib. 2025-ci ildə aparılan geniş analiz göstərib ki, ən çox seçilən parollar demək olar ki, keçən ilkindən fərqlənmir.
Texnologiya platforması TechTurco tərəfindən yayımlanan məlumatlara görə, 2025-ci ildə internetdə sızdırılan 2 milyarddan çox real parol araşdırılıb. Nəticələr təəccübləndirməyib: ən çox istifadə olunan parol yenə “123456” olub. Onu “12345678”, “123456789”, “admin” və “password” kimi klassik parollar izləyib.
Araşdırmaya əsasən, istifadəçilərin böyük hissəsi hələ də asanlıqla təxmin edilə bilən, qısa parollar yaradır.
Ən çox istifadə olunan 1000 paroldan dörddə biri yalnız rəqəmlərdən ibarətdir.
Onların 38,6%-i “123” ardıcıllığını, 2%-i “321”-i, 3,1%-i isə “abc” kombinasiyasını ehtiva edir.
“1111” və “123” kimi təkrarlanan qısa kombinasiyalar da ən riskli parollar arasında yer alır.
Mütəxəssislər bildirirlər ki, parolların böyük hissəsi təhlükəsizlik standartlarına cavab vermir.
Araşdırılan parolların 65,8%-i 12 simvoldan qısadır, 6,9%-i isə 8 simvoldan da azdır.
Yalnız 3,2%-i 16 simvoldan çoxdur.
Kibertəhlükəsizlik mütəxəssisləri hər platformada eyni paroldan istifadə etməməyin vacibliyini vurğulayır.
Onların fikrincə, güclü parol ən azı 12 simvoldan ibarət olmalı, həm böyük, həm kiçik hərflər, rəqəmlər və xüsusi simvollar daxil edilməlidir.
Bundan əlavə, parol meneceri tətbiqlərindən istifadə hesabların təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır.