Mobil texnologiyalar Azərbaycan startaplarına yeni imkanlar açır
Azərbaycanda mobil texnologiyalar sürətlə inkişaf edir və startaplara yeni imkanlar açır. Gənclər artıq yalnız ideya səviyyəsində qalmır, onu real layihəyə çevirmək üçün smartfonlardan, mobil tətbiqlərdən və süni intellektdən fəal şəkildə istifadə edirlər.

ITStation şirkətinin texnologiya direktoru (CTO) Eşqin Nuruşov XPress.az-a açıqlamasında bildirdi ki, mobil texnologiyalar startapları daha çevik, yaradıcı və güclü edir:
“Telefonlar artıq sadəcə zəng vasitəsi deyil. Onlar startaplara ideyalarını sınamaq, tətbiq etmək və insanlara çatdırmaq üçün geniş platforma yaradır. Bu sahə yeni iş yerlərinin yaranmasına, faydalı məhsulların hazırlanmasına və Azərbaycanın texnologiya ekosisteminin möhkəmlənməsinə xidmət edir. Gənclər burada həm öyrənir, həm də özlərini inkişaf etdirirlər.”
Eşqin Nuruşovun sözlərinə görə, bu imkanlar startapların yalnız yerli bazarla məhdudlaşmamasına, beynəlxalq arenaya çıxış əldə etməsinə şərait yaradır:
“Gənc komandalar artıq Bakıdan başlayaraq qlobal bazarı hədəfləyə bilirlər. Bu, bizim ekosistem üçün böyük fürsətdir.”
Beləliklə, mobil texnologiyalar Azərbaycan gənclərinə ideyalarını reallaşdırmaq, innovativ məhsullar yaratmaq və gələcək üçün yeni imkanlar formalaşdırmaq imkanı verir.