Rəşid Mahmudovdan xəbərdarlıq: “Telefon sümük iliyini məhv edir!”
Həkimlər son zamanlar mobil telefonların sağlamlığa təsiri ilə bağlı ciddi narahatlıqlar bildirirlər. Artıq bir çox ölkələrdə məktəblərdə uşaqlara mobil telefondan istifadə qadağan olunub. Mütəxəssislər bu qərarın əsas səbəbini mobil cihazların insan orqanizminə, xüsusilə uşaqlara vurduğu zərər kimi göstərirlər. Mövzu ilə bağlı Xpress.az-a tibb elmləri doktoru, professor Rəşid Mahmudov danışıb.
– Rəşid müəllim, tez-tez “uşaqlardan telefonları alın” kimi fikirlər səsləndirirsiniz. Bu çağırışı hansı faktlara əsasən edirsiniz?
— Bütün telefonlar şüa buraxır. Mən bunu illər öncə də demişdim. Telefonun şüasını azaldan cihazlar var, – təxminən 600 manat civarında.Amma onu almırlar. Hamı telefon istifadə edir. Bu, yalnız uşaqlara deyil, böyüklərə də ziyandır. Sadəcə uşaqlara təsiri 10 qat artıq, dəhşətli dərəcədədir.
– Uşaqlara bunu izah etmək çətindir. Nə etmək lazımdır?
— Anlatmağa ehtiyac yoxdur, sadəcə əllərindən alınmalıdır. Uşaq ağlayır, ana onu sakitləşdirmək üçün telefonu verir. Analara da haqq qazandırıram, amma vermək olmaz. Uşaqlara gün ərzində 45 dəqiqədən artıq telefona baxmaq olmaz.
– Bəzi alimlər bildirir ki, telefon yalnız zəng zamanı zərərli olur, sosial şəbəkələrdən istifadə isə o qədər də təhlükəli deyil. Siz necə düşünürsünüz?
— Bəli, telefon aktiv olanda – zəng gələndə və ya məlumat ötürərkən – zərərli təsir göstərir. Aktiv olmadıqda isə zərəri minimum olur.
– Ümumilikdə telefon orqanizmə necə təsir göstərir?
— Ən birinci zərbə sümük iliyinə dəyir. Sümük iliyində qan yaranma prosesini pozur. Ardınca beynə mənfi təsir edir. Əsas iki sistem – qan və beyin – bu şüadan ciddi zərər görür.
Afaq Qurbanzadə