Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət İçkinin insana verdiyi
İçkinin insana verdiyi
Cəmiyyət

İçkinin insana verdiyi ZƏRƏRLƏR

Xpress.az Redaksiyası 13.11.2025 11:31

İçki insan həyatında ən böyük bəlalardan biridir. Bəziləri düşünür ki, içki insana həzz verir, onu rahatladır. Lakin bu, tamamilə yanlış düşüncədir. Bəli, spirt bəzi tibbi hallarda müəyyən məqsədlərlə istifadə edilə bilər, amma onun insan həyatı və cəmiyyət üçün yaratdığı mənfi nəticələr bəşəri fəlakət dərəcəsində təhlükəlidir.

Spirtli içki insanın ən zərərli vərdişlərindən biridir. Onun tərkibindəki maddələr insanı tədricən mənəvi və fiziki baxımdan zəhərləyir, onu öz mahiyyətindən uzaqlaşdırır. İçki içən insan zaman keçdikcə özünü itirir, sanki ruhunu şeytana satır. O, ailəsinə, cəmiyyətə və öz həyatına qarşı məsuliyyətsiz davranmağa başlayır.

Bəzən içki içən şəxs özündə saxta bir inam hissi yaradır, lakin bu inam onu yüksəlişə yox, uçuruma aparır. Spirtin təsiri altında insan aqressivləşir, zorakılığa meyil edir, ailə üzvlərinə qarşı pis rəftar göstərir. Bu mənzərəni görən uşaqların psixologiyası zədələnir, onlar qorxaq, qapalı və inamsız fərdlərə çevrilirlər. Nəticədə ailə bağları qırılır, evlər dağılır.

Sağlamlıq baxımından da içkinin zərərləri saysız-hesabsızdır. O, daxili orqanları zədələyir, ürək döyüntülərini pozur, infarkt riskini artırır, vaxtından əvvəl qocalmaya səbəb olur. İnsan yaşlandıqca bu zərərlərin dərinliyini anlayır, lakin çox vaxt artıq gec olur.

İçki bir çox insanın ailəsini dağıdıb, işini batırıb, dostlarını itirib, minlərlə qəzaya səbəb olub. Əgər bir insanın məqsədi gözəl ailə qurmaq, sağlam və xoşbəxt həyat yaşamaqdırsa, o, içkidən uzaq durmalıdır. İçkiyə sərf olunan hər qəpik əgər ailəyə, elmə və ya təbiətə yönəlsəydi, həm insanın özü, həm də cəmiyyət fayda görərdi.

Məsələn, bir litr içkiyə verilən pula iki ağac əkilə bilər. Həmin ağaclar böyüyüb yüzlərlə ağaca çevrilər, həm təbiətə, həm də insan sağlamlığına xeyir verər.

Unutmayaq ki, şəhid və qazilərin adından badə qaldırmaq böyük hörmətsizlikdir. Şəhidlik zirvəsi İslamın, Qazilik isə Türk töresinin bizə miras qoyduğu ən yüksək mənəvi dəyərlərdəndir. Onların adını spirtlə anmaq o müqəddəsliyi ləkələmək deməkdir.

Tarix boyu böyük imperiyalar – Ərəb, Səlcuq və Osmanlı dövlətləri – içkini qadağan etmiş, İslam isə onu haram buyurmuşdur. Onların döyüşçüləri, 60-70, hətta 90 yaşlı qəhrəmanları içkisiz, saf qəlblə vuruşaraq şəhidlik və qazilik zirvəsinə yüksəlmişlər.

Allah bizə verdiyi ruhu və bədəni saf saxlamağı əmr edib. Gəlin bu bədəni zəhərləməyək, bu ruhu ləkələməyək. Hər bir insanın mənfi tərəfləri ola bilər, lakin əsas olan onları müsbətə çevirməkdir. Övladlarımız bizə baxıb örnək alsın, cəmiyyətimiz dəyişsin.

Unutmayaq: dəyişimin başlanğıcı özümüzük.

Elçin Ağasıyev

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək