Azərbaycanda bu il 78 minə yaxın yeni iş yeri açılıb
Xpress.az rəsmi statistikaya əsasən xəbər verir ki, 2025-ci ilin yanvar–sentyabr aylarında ölkədə 77,7 min yeni iş yeri yaradılıb. Yeni iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Məlumatlara görə, yeni açılan iş yerlərinin 75,9 faizi Bakı şəhərində, 0,8 faizi Naxçıvan Muxtar Respublikasında, 23,3 faizi isə regionlarda formalaşıb.
Regionlar üzrə bölgü aşağıdakı kimidir:
Abşeron–Xızı – 7,2%, Quba–Xaçmaz – 2,7%, Şəki–Zaqatala – 2,7%, Qarabağ – 2,4%, Gəncə–Daşkəsən – 1,9%, Şirvan–Salyan – 1,5%, Lənkəran–Astara – 1,2%, Şərqi Zəngəzur – 0,9%, Mərkəzi Aran – 0,9%, Qazax–Tovuz – 0,8%, Mil–Muğan – 0,6%, Dağlıq Şirvan – 0,5%.
Yeni iş yerlərinin 9,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,8 faizi mövcud müəssisələrdə, 0,4 faizi fəaliyyəti bərpa olunan müəssisələrdə, 0,7 faizi isə müxtəlif layihələr və abadlıq işləri nəticəsində açılıb.
Hüquqi şəxslər tərəfindən yaradılan iş yerlərinin sahələr üzrə bölgüsündə tikinti sektoru 25,1% ilə ilk sırada qərarlaşıb. Ardınca ticarət və nəqliyyat vasitələrinin təmiri (16,2%), emal sənayesi (12,1%), turistlərin yerləşdirilməsi və ictimai iaşə (7,9%), peşə, elmi və texniki fəaliyyət (7,5%) gəlir. Təhsil, inzibati xidmətlər, nəqliyyat və anbar təsərrüfatı, səhiyyə, kənd təsərrüfatı, informasiya-rabitə, maliyyə və sığorta sektorları da əhəmiyyətli paya malik olub.
Hesabat dövründə 8,2 min iş yeri bağlanıb. Bağlanan iş yerlərinin 47,4 faizi qeyri-dövlət sektoruna məxsusdur. Onların 27,3 faizi müəssisə və təşkilatların fəaliyyətini dayandırması, 72,7 faizi isə mövcud müəssisələrdə aparılan ixtisarlarla əlaqədar olub.