Çin alimləri uzunömürlülük həbi yaradıblar
Xpress.az xəbər verir ki, Gazeta.ru-nun Oddity Central-a istinadən verdiyi məlumata görə, Çində alimlər insanların 150 yaşına qədər yaşamasına imkan verə biləcək həb hazırladıqlarını bildiriblər.
Shenzhen şəhərində yerləşən biotexnologiya və uzunömürlülük tədqiqatı startapı Lonvi Biosciences “zombi hüceyrələri”ni hədəf alan dərmanın hazırlanması üzərində işləyir. Bu hüceyrələr bölünməni dayandırmış, lakin orqanizmdə iltihabi prosesləri davam etdirən qocalmış hüceyrələrdir. Şirkət hesab edir ki, yeni həb ömür uzunluğunu artırmağa kömək edə bilər.
Lonvi-nin baş direktoru İp Zhu preparatın inkişafını “Müqəddəs Qrail” adlandırıb. Onun sözlərinə görə, həb yaşa bağlı xəstəliklərin riskini azaldan əsas komponentə malikdir.
Şirkətin texniki direktoru Liu Qinghua isə “150 yaşına qədər yaşamaq tamamilə mümkündür” deyərək, bu cür texnologiyaların yaxın gələcəkdə geniş yayılacağını vurğulayıb.
Həb üzüm toxumlarından əldə olunan prosiyanidin C1 (PCC1) əsasında hazırlanır. Şirkətin məlumatına əsasən, PCC1 ilə müalicə olunan siçanların ömrü orta hesabla 9,4% artıb.
Bundan əvvəl 111 yaşlı Britaniya sakini Hilda Lak uzunömürlülüyünün sirrini açıqlamışdı. Onun sözlərinə görə, şokolad və sevgi romanları uzun həyatının ayrılmaz hissəsidir. Həmçinin o, heç vaxt siqaret çəkmədiyini və spirtli içki qəbul etmədiyini qeyd etmişdi.