Peşəni necə sevdirək?
Bir insanın öz peşəsini sevərək icra etməsi həm onun şəxsi inkişafı, həm də cəmiyyətin tərəqqisi üçün son dərəcə önəmlidir. Lakin bəzən insanlar peşə seçərkən istək və meyil yox, yalnız dolanışıq qayğısı ilə qərar verirlər. Bu isə peşə öyrənmə prosesini bilik, bacarıq və yaradıcılıq yolundan uzaqlaşdırıb yalnız qazanc amilinə bağlayır. Halbuki peşə öyrənmək insan üçün görüləcək ən dəyərli investisiyalardan biridir.
Pul əlbəttə vacibdir, lakin yalnız qazancı düşünmək cəmiyyəti geri sala bilər. İnsanın biliyi, bacarığı və zəhməti isə inkişafın əsas hərəkətverici qüvvələridir. Bunun qarşısını almağın yollarından biri ölkənin bütün bölgələrində istehsalat müəssisələrinin, zavod və fabriklərin yaradılmasıdır.
Məsələn, bir insan bağ salır, aqronomla məsləhətləşir, dərmanlayır, zəhmət çəkir, məhsul yetişdirir, lakin bazara çıxanda onun məhsulunu dəyərindən aşağı almaq istəyirlər. Bu halda zəhmətkeş insan peşəsindən soyuyur, həvəsi azalır. Qazanc olmayanda həm ruh düşkünlüyü yaranır, həm də motivasiya itir. Əgər sabit qiymət siyasəti, güclü bazar və məhsulların daxili və xarici satışını təşkil edən şirkətlər mövcud olsa, insan həm rahat dolanar, həm də ödədiyi vergi ilə ölkənin inkişafına töhfə verər.
Belə şəraitdə zavodlarda işləyən peşəkarlar, torpaqla məşğul olan zəhmətkeşlər və müxtəlif sənət sahibləri öz işlərinə daha böyük sevgi ilə bağlanarlar. Çünki bilərlər ki, onların zəhməti qiymətləndirilir və dəyərləndirilir.
Gəlin bilik və bacarıqlarımızı yalnız pula satmayaq. Öyrədək ki, öyrənənlər də bir gün başqasına öyrətsin və bu bilik zənciri böyüyərək dövlətimizi daha da güclü etsin.
Zəhmət çəkək ki, evimiz olan Vətən bərəkətlənib inkişaf etsin. Unutmayaq: birlikdə olanda güclüyük. Biz böyük bir ailəyik — gəlin bu ailəni qoruyaq və peşəmizi sevək.
Elçin Ağasıyev