Müəllimin rifahı yalnız maaşla ölçülmür- TƏHSİL EKSPERTİNDƏN ETİRAZ
“Müəllimin rifahını yüksəltmək” – sadəcə maaşı artırmaq deyil, müəllimin nəfəs aldığı mühiti dəyişmək deməkdir.

Xpress.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Əmran Həsənli bildirib.
Onun sözlərinə görə, təhsil naziri Emin Amrullayevin dünən səsləndirdiyi “müəllimin oturmağa yeri belə yoxdur” fikri ciddi şəkildə düşündürməlidir. Bu, təəssüf ki, acı reallıqdır. Hazırda ölkədə ən yaxşı halda öz sinfi olan müəllimlər var, lakin onların belə 12–13 saatlıq dərs günü ərzində rahat şəkildə işləyə biləcəyi ayrıca otaqları mövcud deyil.
“Müəllimin rifahını yüksəltmək” ifadəsi yalnız maaş artımı kimi anlaşılmamalıdır. Maaş əlbəttə ki, əsas şərtdir, lakin kifayət etmir. Müəllimin işə bağlılığını, motivasiyasını və iş şəraitini yaxşılaşdırmadan təhsildə keyfiyyət dəyişikliyi gözləmək sadəcə xəyaldır.
Müəllim özünü dəyərli hiss etmədiyi məktəbdə, rahat işləmək üçün şəraiti və şəxsi məkanı olmadığı bir sistemdə hər hansı “yeniliyin” uğur gətirməsi real görünmür. Ona görə də müəllimin maddi durumunu, sosial statusunu və peşə mühitini gücləndirmək əsas prioritet olmalıdır ki, gözlənilən nəticələr də əldə olunsun.
Bu gün həyata keçirilən bütün təhsil islahatlarının mərkəzində müəllim dayanmalıdır. Onun rifahı yüksəldilmədən, şəraiti yaxşılaşdırılmadan və motivasiyası gücləndirilmədən heç bir islahat hədəfinə çatmaq mümkün deyil.
Nəticə aydındır: müəllimin oturmağa yeri olmayan yerdə keyfiyyətli təhsildən danışmaq mümkün deyil.