“Nazirlikdə adamım var!” – Həmkarların təhdidi artıb, vəkil izah edir: nə etməli?”
Son zamanlar səhiyyə, təhsil və xüsusilə mədəniyyət sahələrində işçilər arasında həmkarların təhdid olunması halları artıb. Sadə bir konflikt səbəbindən bəzi işçilər həmkarlarına deyirlər: “Nazirlikdə adamım var, səni işdən çıxardacağam” və ya oxşar ifadələrlə istədiklərini etdirirlər.Mövzu ilə bağlı Xpress.az-a açıqlamasında vəkil Araz Nurməmmədov bildirib ki, belə hallara qarşı düzgün reaksiya vermək və qarşısını almaq üçün bir neçə mərhələni nəzərə almaq lazımdır:

“Həmkar tərəfindən təhdid edildiyinizi hiss etdiyiniz zaman öncə məsələni işçi çərçivəsində həll etməyə çalışmaq məsləhətdir. Yəni, birbaşa şirkət rəhbərinə, xidmət rəhbərinə və ya aidiyyəti dövlət orqanının vəzifəli şəxsinə məlumat vermək olar. Ola bilər ki, təhdid edən şəxs bunu ciddi şəkildə etməsin, sadəcə özünü göstərmək istəyir."
Vəkil əlavə edib ki, "əgər məsələ daxildə həll olunmazsa, növbəti addım HR-ə müraciət etməkdir.
Əgər HR də müdaxilə etməzsə və fakt realdırsa, bu, iş prosesində etik davranış qaydalarının pozulması sayılır. Belə hallarda əmək müfəttişliyinə müraciət etmək mümkündür. Dövlət orqanlarına müraciət edərkən isə faktların doğruluğunu sübut etmək tələb olunur. Bu səbəbdən təhdid mesajlarını və ya səsləri telefonunuzda yadda saxlamaq vacibdir ki, hadisəni sübut edə biləsiniz."
Araz Nurməmmədov vurğulayıb ki, "əgər müfəttişliyin reaksiyası da olmayıbsa, işçinin həm təhdid nəticəsində mənəvi zərərə uğraması, həm də psixoloji təzyiqə məruz qalması halında, məhkəməyə müraciət edərək mənəvi zərərin ödənilməsini tələb etmək mümkündür."
Afaq Qurbanzadə