Dağları geri aldıq - İndi Sıra İqtisadi Zirvələrdədir!
Bu gün Kəlbəcər Günüdür — dağların nəfəsi, çiçəklərin qoxusu, dədə-baba yurdunun həsrəti və qüruru ilə yoğrulmuş bir gündür. İşğaldan azad edilmiş Kəlbəcərin sürətlə bərpa olunan iqtisadi potensialı və unikal turizm imkanları nəzərə alınsa, bu bölgənin yaxın illərdə Azərbaycanın ən cəlbedici investisiya və istirahət mərkəzinə çevrilə biləcəyi istisna deyil.
Mövzu ilə bağlı Xpress.az-a verdiyi açıqlamasında millət vəkili Vüqar Bayramov fikirlərini bölüşüb.
Deputat vurğulayıb ki, Kəlbəcər Qafqazın ən böyük iqtisadi potensialına malik olan bölgələrindən hesab olunur. O qeyd edib ki, Kəlbəcərdə praktik olaraq turizmin bütün məhsullarını təklif etmək mümkündür:
“Həm dağ turizmi, həm yay və qış turizmi, həm mədəni, həm tarixi, həm də dini turizm baxımından imkanlar kifayət qədər genişdir. Kəlbəcərin bərpası və yenidən qurulması, infrastrukturun inkişafı bölgəyə daha çox turistin cəlb olunmasına şərait yaradır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafı baxımından çox vacibdir.”
Deputat əlavə edib ki, Kəlbəcər faydalı qazıntılarla zəngin bir rayondur:
“Burada yalnız qızıl deyil, kifayət qədər çoxsaylı faydalı və təbii ehtiyatlar mövcuddur. Bütün bunlar sənayenin inkişafı üçün yeni imkanlar yaradır. Gözlənilir ki, Kəlbəcər sənayeləşmə baxımından da öndə olan rayonlardan birinə çevriləcək. Bu isə sənaye məhsullarının istehsalı, daxili bazara çıxarılması və ixracı baxımından böyük əhəmiyyət daşıyır.”
Aqrar sahəyə toxunan millət vəkili bildirib ki, xüsusən də heyvandarlıq potensialı çox yüksəkdir:
“Azərbaycanda ət məhsullarına tələbat yüksək olduğundan Kəlbəcər bu tələbatın ödənilməsində aparıcı rayonlardan birinə çevriləcək və artıq bu proses başlayıb. Bu da aqrar məhsullarının istehsalında Kəlbəcərin payının artacağı deməkdir.”
Sonda deputat qeyd edib ki, Kəlbəcər hazırda bərpa prosesindədir:
“İnfrastrukturun tam formalaşması, bərpası və reinteqrasiyası başa çatdıqdan sonra Kəlbəcərin Azərbaycan iqtisadiyyatındakı payının daha da yüksəldiyinin şahidi olacağıq".
Afaq Qurbanzadə