İslam Həmrəylik Oyunları: İdman mədəniyyətlərarası körpü qurur
“İslam Həmrəylik Oyunları idmanın mədəniyyətlər arasında anlaşma körpüsü rolunu gücləndirir”. Bu sözləri deputat, İslam Oyunlarının Koordinasiya Komissiyasının sədri və İslam Həmrəylik Assosiasiyasının İcra Komitəsinin üzvü Könül Nurullayeva Xpress.az-a açıqlamasında bildirib.
"Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları genişmiqyaslı və peşəkar təşkilatçılığı ilə yadda qaldı. 57 ölkədən 3 mindən çox idmançı 23 idman növü üzrə mübarizə aparırdı. Bu oyunlar vasitəsilə bir daha idmanla həmrəyliyin təşviq olunduğu görüldü. Qabaqcıl texnologiyaların tətbiqi, mədəni inteqrasiya, media mütəxəssisləri və könüllülərin fəallığı, həmçinin təşkilat komitəsinin peşəkar təşəbbüsləri tədbirin uğurlarından biri sayılırdı.
Oyunlar müsəlman xalqları arasında birlik, inklüzivlik və inkişaf dəyərlərini, həmçinin idmanın mədəniyyətlər arasında anlaşma körpüsü rolunu gücləndirir.
Azərbaycan idmançıları da mötəbər yarışda uğurlu çıxış etdilər. Qeyd edək ki, Azərbaycan komandası bu Oyunlarda 20 idman növündə 169 atletlə iştirak edirdi. Ölkəmiz ən çox idmançı ilə güləş (18), həndbol (16) və qılıncoynatma (15) növlərində təmsil olunurdu. İdmançılarımız 9 qızıl, 19 gümüş və 31 bürünc olmaqla, ümumilikdə 59 medal qazandılar. Bu nəticə ilə Azərbaycan 57 ölkə arasında ümumi sıralamada əyara görə 10-cu, medal sayına görə isə 4-cü yerdə qərarlaşdı.
Ümumiyyətlə, İslam Həmrəylik Oyunları birgə İslam fəaliyyətinin və İƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacibliyini vurğulayır. İdman sülh, birlik və anlaşmanın təşviqi üçün körpü rolunu oynayır.
Xatırladım ki, ilk Oyunlar 2005-ci ildə məhz Səudiyyə Ərəbistanında təşkil olunmuşdu. İyirmi illik fasilədən sonra Səudiyyə Ərəbistanı İslam dünyasının idmançılarını yenidən bir araya gətirdi. Oyunlar çərçivəsində müxtəlif müzakirələr də keçirildi. Belə ki, ISSA Koordinasiya Komissiyasının sədri kimi, 50-dən çox üzv ölkənin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşərək Oyunların 6-cı buraxılışının uğurlu keçirilməsi üçün əsas təşkilati məsələləri müzakirə etdik. Həmçinin ISSA İcraiyyə Komitəsinin 44-cü iclasında iştirak edərək həmkarlarımızla məhsuldar fikir mübadiləsi apardıq.
Eyni zamanda, 57 ölkənin Milli Olimpiya Komitələrinin prezidentləri, Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələri, beynəlxalq federasiya rəhbərləri və digər qonaqların iştirak etdiyi 14-cü ISSA Baş Assambleyasında çıxış edərək Koordinasiya Komissiyasının gördüyü işlər barədə auditoriyaya ətraflı məlumat verdim.
Oyunlar çərçivəsində Səudiyyə Ərəbistanının İdman Nazirliyinin “İdmanda qadınlar” mövzusunda təşkil etdiyi konfransa da qatıldım. Konfransın əsas məqsədi bölgədə idman sahəsində qadınların rolunu gücləndirmək, qadın liderliyini təşviq etmək və gələcək inkişaf strategiyalarını müəyyənləşdirmək idi. Bu platformada idman ekosistemində transformasiya prosesləri, inklüzivlik, gender bərabərliyi və davamlı inkişaf istiqamətləri ətrafında geniş müzakirələr aparıldı.
Ümumilikdə, İslam Həmrəylik Oyunları İslam dünyasında ədalətli rəqabəti təşviq edən, sülh və qardaşlıq dəyərlərini təbliğ edən vacib tədbirdir. Məlum olduğu kimi, 2017-ci ildə Azərbaycanda keçirilən İslam Həmrəylik Oyunları yüksək təşkilatçılığı ilə dünyaya sülh, əmin-amanlıq, birlik və həmrəylik mesajı vermişdi. Azərbaycan İslam dünyasına nümunəvi standartlar təqdim etmişdi. Ər-Riyad da Bakı kimi böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsinə malikdir. Bu mənada, VI İslam Həmrəylik Oyunları müsəlman dünyasında həmrəyliyin daha da möhkəmlənməsinə xidmət etmişdir."
Afaq Qurbanzadə


