Marketlərdə yaş salfet satışı qadağan edilir
Ticarət Nazirliyi, təbiətdə parçalanmayan və plastik tərkibli yaş salfetlərin satışına məhdudiyyət gətirməyə hazırlaşır. Avropada qəbul edilən qaydanın Türkiyədə də qüvvəyə minməsi halında, ev təmizliyi, uşaq baxımı və tualetlərdə istifadə olunan yaş salfetlərin böyük bir hissəsi market rəflərindən yığışdırılacaq.
Avropa Birliyi ötən ay aldığı ortaq qərarla bütün üzv ölkələrdə plastik tərkibli və təbiətdə parçalanmayan maddələrdən hazırlanan yaş salfetlərin satışını qadağan edib.
Ticarət Nazirliyinin də oxşar bir layihə üzərində iş apardığı və istehsalçı firmalarla təmasda olduğu bildirilir. Araşdırmalara görə, dünyada yaş salfet əsaslı məhsulları ən çox istehlak edən ölkələr arasında Türkiyə üst sıralarda dayanır.
Tualet kağızlarından fərqli olaraq plastik əsaslı yaş salfetlər suda həll olmadığı üçün geri dönüşüm sisteminə ciddi ziyan vurur.
Bu tip salfetlərin istifadəsinin ölkə üzrə kanalizasiya sistemlərinə də böyük yük yaratdığına diqqət çəkən mütəxəssislər, evdaxili boru sistemlərində baş verən tıxanmaların yarısının təbiətdə parçalanmayan yaş salfetlərdən qaynaqlandığını bildirir.
Avropa ölkələrində ard-arda qüvvəyə minən məhdudiyyətlərlə market şəbəkələrinə və istehsalçılara 1 yanvar 2026-cı ilədək müddət verilib. Bu prosesi dünyanın bir çox ölkəsinin də izləyəcəyi gözlənilir.
Gələn il Türkiyədə keçiriləcək və 197 ölkənin qatılacağı COP31 İqlim Sammiti zamanı bu cür addımların bütün ölkələr tərəfindən tətbiq edilməsi tələb olunacaq.