Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Deputatdan Samirə Əfəndi açıqlaması:
Deputatdan Samirə Əfəndi açıqlaması:
Cəmiyyət

Deputatdan Samirə Əfəndi açıqlaması: “O jest yersiz idi”

Xpress.az Redaksiyası 26.11.2025 21:16

Son günlər gündəmdən düşməyən məsələ  Avroviziya müsabiqəsinin iştirakçısı Samirə Əfəndinin erməni təmsilçisinə səs verməsi – ölkədə ciddi narazılığa səbəb olub. Müzakirələr davam edir və demək olar ki, mövzu gündəmi tam şəkildə zəbt edib. Torpaqlarımızı qaytarmışıq və cənab Prezident sülh istiqamətində mühüm addımlar atır. Bu fonda Samirənin erməni təmsilçisini dəstəkləməsinə qarşı yaranan mənfi reaksiyalar qıcıq yarada və sülh prosesinə mane ola bilərmi?

Bu sualı Milli Məclisin deputatı Arzuxan Əlizadə Xpress.az-a verdiyi açıqlamada cavablandırıb.

Deputat bildirib ki, Samirə Əfəndinin erməni təmsilçisinə 12 bal verməsi, əslində, özlüyündə bir jest kimi qəbul edilə bilərdi:
Bəlkə də bu məsələ ciddi problemə çevrilməzdi. Sülhə yönəlik addımlar çərçivəsində edilən bir jest kimi dəyərləndirilə bilərdi. Amma sonrakı o görüş səhnəsi hər kəsdə qıcıq yaratdı. Bu olmamalı idi. Ən azından Azərbaycan xanımı o cür görüşməməli idi, xüsusilə də erməni ilə. Məncə buna ehtiyac yox idi və bu da cəmiyyətdə narazılıq yaratdı.
Deputat vurğulayıb ki, buna baxmayaraq, Samirəyə qarşı səsləndirilən təhqiramiz ifadələr yolverilməzdir:

 İndi ona qarşı deyilən qeyri-etik ifadələri heç bir halda qəbul etmirəm. Bu, böyük yanlışdır. Artıq addım atılıb. Bəs Azərbaycan cəmiyyətindəki bu münasibət sülh prosesinə mane ola bilərmi? Xeyr, mane ola bilməyəcək. Çünki erməni seqmentində Azərbaycana münasibət necədir, buna baxmaq lazımdır.

Arzuxan Əlizadə bildirib ki, 30 il torpaqlarımızın işğal altında saxlanması, baş verən faciələr, minlərlə şəhidimiz və qazilərimiz unudulmamalıdır:
Biz həmişə dinc yanaşı yaşamağın tərəfdarı olmuşuq. Lakin bizim torpaqları işğal ediblər, minlərlə şəhid vermişik. Xocalı faciəsi, insanların çadırlarda yaşaması – bunlar yaddan çıxan deyil və çıxmamalıdır. Əks halda gələcəkdə daha böyük faciələrlə üzləşə bilərik. Münasibətlərin normallaşması üçün böyük zamana ehtiyac var.

Deputat bildirib ki, ermənilərin böyük əksəriyyəti hələ də Azərbaycana qarşı pozitiv münasibətdə deyil. Buna baxmayaraq, Azərbaycan dövləti regionda dayanıqlı sülhün tərəfdarıdır:

– Sülh sazişi ilə bağlı təklifi ilk olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev irəli sürüb. Bu da nəzərə alınmalıdır. Biz haqlı tərəfik və bunu heç vaxt unutmamalıyıq. Qarşı tərəfin etdiyi yanlışları demək sülhə mane deyil, əksinə, sabitliyə doğru addım atmaqdır. Lakin unutqanlıq etmək olmaz. Hər şeyi dərhal bağışlamaq olmaz. 30 il böyük ağrılarla keçib. Münasibətləri də bu reallığı nəzərə alaraq qurmaq lazımdır.

Deputat hesab edir ki, Samirə Əfəndinin 12 bal verməsində qəbahət yoxdur, amma sonrakı davranış yersiz idi:

 Bir daha deyirəm, 12 bal verməsində problem görmürəm. Amma sonrakı jest tamamilə yersiz idi və təbii olaraq qınağa səbəb oldu. Gələcəkdə bu cür təmaslar olacaqsa, hər kəs – sıravi vətəndaşdan tutmuş ictimai-siyasi xadimlərə qədər – bu faktoru nəzərə almalıdır. Əks halda cəmiyyətin reaksiyası qaçılmazdır və buna inciməməlidirlər.

Sonda deputat əlavə edib:

 Samirəyə qarşı təhqirləri qətiyyən qəbul etmirəm. Təhqir olmaz. Amma Samirə Əfəndi 12 bal verdikdən sonra özünü Azərbaycan xanımına uyğun aparmalı idi. Əl tutmaq olardı, amma qucaqlaşma qıcıq yaradacaqdı. O da qəbul etməlidir ki, cəmiyyətdə qıcıq doğuran jest olub və bununla barışıb məsələni bağlamalıdır.

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək