Washington Post: Telefona davamlı baxmaq yaddaş problemlərinə səbəb olur
Araşdırmalara görə, telefonu gündə 110 dəfə yoxlamaq problemli istifadə kimi qiymətləndirilir; mütəxəssislər bu vərdişin diqqəti, yaddaşı və məhsuldarlığı ciddi şəkildə zəifltdiyini bildirirlər.
Müasir dövrdə telefonu yoxlamaq nəfəs almaq və ya göz qırpmaq qədər avtomatik bir refleksə çevrilib. Nottingham Trent Universiteti və Cənubi Koreyadakı Keimyung Universitetinin araşdırmalarına görə, telefonu gündə təxminən 110 dəfə yoxlamaq “yüksək riskli və ya problemli istifadə” göstəricisi hesab olunur.
Washington Post-un məlumatına görə, California State University-dən psixologiya professoru Larry Rosen-in yeniyetmələr və gənc yetkinlərlə 8 il davam edən araşdırması da bu mənzərəni təsdiqləyir. İştirakçılar gün ərzində smartfonlarını 50–100 dəfədən çox, yəni oyaq olduqları hər 10–20 dəqiqədə bir yoxlayıblar.
Android və iOS cihazları istifadəçilərin telefonu neçə dəfə açdığını göstərir. “Pickups” adlanan bu göstərici, cihazın gün ərzində hər yoxlanılmasını qeydə alır. Tipik bir günün statistikasında səhər saat 7-də 4 dəfə, 12:00-da 10 dəfə, axşam isə 17 dəfə telefonun yoxlanılması kimi sıx istifadə görünür. YouGov-un araşdırmasına görə, amerikalıların 66%-i oyandıqdan sonra ilk 10 dəqiqə ərzində, 62%-i isə yatmazdan əvvəl telefonuna baxır.
Stanford Universitetindən psixiatr professor Anna Lembke telefon istifadəsinin asılılıq dövrü yaratdığını vurğulayır:
“Telefonlar narkotik və alkoqol kimi beynin mükafat sistemini hərəkətə gətirir. İstifadə etməyəndə yoksunluq hissi yaranır.”
YouGov-un may ayında keçirdiyi başqa bir sorğuya görə, amerikalıların 10 nəfərindən 8-i telefonunu yataq otağında, çox vaxt da baş ucunda saxlayır.
Oxşar araşdırmalar insanların cihazlarını nə qədər tez-tez yoxladıqlarını ciddi şəkildə azaldılmış şəkildə təsvir etdiklərini göstərir. Sorğuda iştirak edənlərin çoxu gün ərzində cəmi 10 dəfə telefonuna baxdığını düşündüyünü deyib.
Halbuki real rəqəmlər çox daha yüksəkdir. Bəzi istifadəçilər bir saat ərzində 45 dəfə, gecə boyunca isə 7 dəfə ekranı yoxlayır. Bəzi telefonlarda gün ərzində yalnız 4 saatlıq “heç istifadə olunmama” dövrü qeydə alınıb.
Sinqapur İdarəetmə Universitetinin araşdırması göstərir ki, ekranda sərf edilən vaxtdan çox, telefonu yoxlama tezliyi bilişsel performansı zəiflədir. Telefon kilidini davamlı açmaq beynin vəzifələr arasında sürətlə keçid etməsinə səbəb olur və diqqəti ciddi şəkildə pozur.
Kompüter elmləri üzrə mütəxəssis Gerald M. Weinberg-in illər əvvəl etdiyi xəbərdarlıq bugün daha da aktuallaşıb: tez-tez vəzifə dəyişdirmək məhsuldarlığı 80%-ə qədər azalda bilər.
YouGov-un araşdırması amerikalıların yarısından çoxunun yemək yeyərkən, dostları ilə görüşərkən və ya film izləyərkən belə telefonuna baxdığını göstərir. İş yerində isə 30 dəqiqəlik iclasda hər dörd nəfərdən biri ən azı bir dəfə telefonunu yoxladığını etiraf edib. California Universitetindən Gloria Mark, hər bir kəsintidən sonra diqqətin bərpa olunmasının 25 dəqiqədən çox vaxt apardığını bildirir.
2007-ci ildə smartfonların həyatımıza girməsindən bəri istifadə vərdişləri bütün nəsillərə yayılıb. Pew Research-ə görə, bu gün ABŞ-da yetkinlərin böyük əksəriyyəti smartfona sahibdir və internetdən hər gün istifadə edir. Professor Rosen artıq nəsil fərqlərinin əhəmiyyətini itirdiyini söyləyir:
“Artıq hamımız smartfon tərəfindən yönəldilən eyni əlaqə formasına asılıyıq.”
Bundan əlavə, Almaniyadakı Heidelberg Universitetinin araşdırması daha bir diqqətçəkən nəticəni ortaya çıxarıb: smartfondan cəmi 72 saat uzaq qalmaq belə beyində maddə asılılığı zamanı müşahidə olunan oxşar fəaliyyətləri yarada bilir.
Qısa fasilələrin belə asılılıq dövrünü qıra bildiyi və beynin mükafat mexanizmini yenidən tənzimlədiyi qeyd olunur.