Sabiq deputat Musa Musayev Ramiz Mehdiyevin YAP sıralarından çıxarılmasını tələb etdi
Milli Məclisin sabiq deputatı, Naftalan Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı və Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının üzvü Musa Musayev sosial şəbəkə hesabında partiya rəhbərliyinə çağırış edib.
Musa Musayev paylaşımında YAP-ın yaradıcılarından biri olduğunu xatırladaraq bildirib ki, 1992-ci ilin noyabrından partiyanın üzvüdür, həmçinin uzun illər Nəsimi rayon təşkilatının sədri və 1999–2021-ci illərdə YAP Siyasi Şurasının üzvü olub.
O, YAP İdarə Heyətini Ramiz Mehdiyevin YAP Veteranlar Şurasından və ümumilikdə partiya üzvlüyündən azad edilməsi ilə bağlı qərar verməyə çağırıb. Musayev bəyan edib ki, “iqtidarın və YAP-ın əzəli düşməni olan qüvvələrlə əməkdaşlıq edən şəxsin partiyada yerinin olmaması” qənaətindədir.
Sabiq deputat paylaşımında gələcəkdə daha çox “xəyanət və ciddi hadisələrin üzə çıxacağına inandığını” da qeyd edib:“Gələcəkdə də biz bir çox xəyanətlərin və hadisələrin şahidi olacağımıza inanıram, bu son deyil. Xamır çox su aparacaq.”
Hadisə ilə bağlı YAP tərəfindən hələlik rəsmi açıqlama verilməyib.