Ət məhsulları sektorunda fermer və qəssablara dəstək niyə vacibdir?
Azərbaycanda ət məhsullarının yetişdirilməsi və istehsalı böyük zəhmət tələb edir. Çoxları elə düşünür ki, heyvan özü böyüyür, lakin əslində bir heyvanın yetişməsi illərlə davam edən ardıcıl əmək və məsuliyyət deməkdir. Fermer hər gün — səhər, günorta, axşam — heyvana yem verir, təmizliyini edir, xəstəliklərdən qoruyur, dərmanını təmin edir. Üstəlik, yem qiymətlərinin bahalaşması onun yükünü daha da artırır. Heyvan yetişəndə isə fermer çox vaxt məhsulu dəyərindən aşağı satmağa məcbur qalır və “zəhmətə dəymədi” deməkdən başqa çarəsi qalmır.
Mal ətinin qəssaba çatması ilə iş bitmir. Qəssabın da qazancı, göründüyü qədər böyük deyil. Məsələn, bir kiloqram ətə bir manat qalsa belə, kəsim zamanı çıxan 10 kiloqram sümük, icarə, vergi və digər xərclər onun qazancını xeyli azaldır. Üstəlik, bir heyvanın satışı bəzən 2–3 gün çəkir. Bu işi görməsələr, ailələrini dolandıra, gündəlik ehtiyaclarını ödəyə bilməzlər. Həm fermer, həm də qəssab iki günün yox, aylarla davam edən zəhməti ilə həyatını qazanır.
Xarici Ətin Təhlükəsi və İqtisadi Təsirləri
Son illər ölkəyə böyük miqdarda dondurulmuş xarici ət gətirilir. Bu ətin hansı şəraitdə kəsildiyini, neçə gün saxlanıldığını və keyfiyyətinin nə dərəcədə qorunduğunu bilmirik. Bundan başqa, hər alınan kiloqram xarici ət ölkədən çıxan valyutadır. Bu isə həm daxili bazarın zəifləməsinə, həm də yerli istehsalçının rəqabət gücünün azalmasına gətirib çıxarır.
Əslində, xaricə gedən həmin vəsait ölkə daxilində fermerlərin və qəssabların təliminə, təsərrüfatların modernləşdirilməsinə, yeni texnologiyaların alınmasına yönləndirilsə, həm istehsal həcmi artar, həm də məhsulun keyfiyyəti yüksələrdi.
Çıxış Yolu Nədir?
Bir dövlət olaraq anlamalıyıq ki, ölkənin fundamental dayaqlarından biri kənd təsərrüfatıdır. Fermer, kəndçi, qəssab bu sahənin ürəyi və hərəkətverici qüvvəsidir. Onların inkişafı birbaşa dövlətin inkişafı deməkdir.
Bu məqsədlə:
Fermerlər üçün yeni təlimlər və subsidiya proqramları genişləndirilməli,
Qəssablar üçün gigiyena, kəsim və saxlanma üzrə müasir kurslar təşkil edilməli,
Yerli məhsulun qiymət tənzimlənməsi, satışı və təşviqi istiqamətində dövlət dəstəyi gücləndirilməli,
Xarici ətə asılılıq azaldılmalı,
Yerli ət istehsalı artırılaraq ixraca yönəldilməlidir.
Bu yanaşma həm ölkə büdcəsini gücləndirər, həm yeni iş yerlərinin açılmasına şərait yaradar, həm də kənd təsərrüfatının texniki bazasının yenilənməsinə təkan verər.
Birlikdə Daha Güclüyük
Gəlin, bir xalq və bir dövlət olaraq fermerlərimizi, qəssablarımızı, kənd təsərrüfatını dəstəkləyək. Gələcək nəsillərə güclü təsərrüfat sistemi, sağlam ərzaq təminatı və inkişaf etmiş kənd təsərrüfatı infrastrukturu miras qoyaq ki, heç bir ev bərəkətsiz qalmasın.
Zəhmət — əməyin ən uca dəyəridir. Onu yaşatmaq isə bizim borcumuzdur.
Elçin Ağasıyev