“Pambıq yığan nəsil yox oldu: Yeni gənclik indi "dodaq şişirtmə" yarışı aparır!
Afaq Qurbanzadə yazır...
Bütün sahələrdə haqsızlıqdan, gözümüzün qabağında baş verən ədalətsizlikdən, qeyri-düzgün rəqabətdən, qohumbazlıqdan və daha neçə-neçə neqativ hallardan şikayətlənirik. Amma bir sual heç vaxt gündəmə gəlmir: şikayət etdiyimiz problemlərin aradan qalxması üçün özümüz nə edirik?
Bu günün reallığı budur ki, bəzi səlahiyyətli şəxslər gördükləri həqiqətləri ya bilərəkdən gizlədir, ya da uzun illər boyunca yalan danışa-danışa artıq özləri də o yalanlara inanmağa başlayıblar. Əlbəttə, bu hallar istisnadır, amma təsiri cəmiyyət üçün çox ağırdır.
Təhsil sahəsinə nəzər salaq.
Uzun illərdir ki, dərsliklərin savadsız və anlaşılmaz dildə yazılmasından danışılır. Bu barədə hər il müzakirələr aparılsa da, dəyişən heç nə yoxdur. İbtidai sinifdən tutmuş yuxarı siniflərə qədər şagirdlər dərsləri mənimsəməkdə çətinlik çəkir. Niyə? Çünki kitab yazanların bir qismi biliyinə görə yox, tanışına və imkânına görə bu işi görür. Onun cəzasını isə uşaqlar çəkir.
Bir təlimdə çox savadlı bir şəxsdən eşitdiyim fikir mənə çox təsir etdi və burada qeyd etməyə dəyər:
“Sovet dönəmində məmur da, fəhlə də pambıq yığmaqla, cəmiyyətə fayda verməklə yarışırdı. Ona görə də hamı cəmiyyət üçün faydalı iş görmək istəyirdi, hamı pambıqçı olmaq istəyirdi.”
Çox maraqlı və yerində səslənən bir misaldır.
Bu gün isə mənzərə tam fərqlidir.
Ailə-məişət mövzusundan anlayışı olmayan insanlar ailə eksperti rolunda çıxış edir, xəstəxanadan bir neçə xəstəni birbaşa morqa göndərən həkimlər reklam olunur, jurnalistikanın nə olduğundan xəbəri olmayanlar insanların şəxsi həyatını ifşa etməklə məşhurluq qazanmağa çalışır. Üstəlik, “ən yaxşı dodaq şişirtmə” və “bədən şəkilləndirmə” kimi absurd yarışmalar gündəmi zəbt edir.
Belə bir mühitdə yetişən gənc nəyə can atacaq?
Cəmiyyətə faydalı iş görməyə yox, müğənni olmağa. Çünki ona təqdim olunan nümunə elə budur. Ən pisi odur ki, gənc nəsil bu qarışıq və çirkin ab-havanı artıq Azərbaycan cəmiyyətinə xas xarakter kimi qəbul etməyə başlayır.
Bu gün bizi bürüyən mənəvi tufan, qasırğa, sözün əsl mənasında, cəmiyyətimizi uçuruma aparır. “Mənə nə?” deyənlər də bilməlidir ki, bu qasırğa bir gün onların da qapısını döyəcək.
Hazırda ölkədə kifayət qədər musiqi yarışması var. Amma savadlı fiziklərin, kimyaçıların, yaxşı dərslik müəlliflərinin, elm adamlarının yarışması varmı? Yox. Halbuki boşluq, çatışmazlıq, ehtiyac – məhz bu sahələrdədir.
Bəzən eşidirik ki, “cəmiyyət nə istəyirsə, televiziya onu göstərir.” Qətiyyən belə deyil. Televiziya nəyi təbliğ edirsə, cəmiyyət də onun arxasınca gedir.
Əgər ekranları musiqi yarışmaları deyil, ən yaxşı müəllimlərin, ən uğurlu elm adamlarının, ən savadlı kitab müəlliflərinin müsabiqələri bürüsəydi, cəmiyyət də savada yönələr, gənclər də elmə maraq göstərərdi.
Unutmayaq: nəyi təbliğ edirsinizsə, cəmiyyət onu örnək götürəcək.
Xpress.az