İrəvan Dövlət Azərbaycan Dram Teatrının açılışı böyük qürur və sevinc doğurdu – Elçin Əlibəyli
"Prezidentin sərəncamı ilə İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı irəvanlı və mədəniyyətşünas Elçin Əlibəylidə böyük qürur və sevinc hissi yaradıb".
Xpress.az xəbər verir ki, bunu Elçin Əlibəyli bildirib: “Böyük tarixi irsin, İrəvanda azərbaycanlıların mədəniyyət izinin yaşadılması istiqamətində atılan bu addım əvəzsizdir. Ulu öndər bu teatrı sənət ocağı kimi qorudu, bu gün isə Prezident hər bir Qərbi azərbaycanlıya daha bir ümid, qayıdış bəxş edən yeni mərhələnin əsasını qoydu”.
Onun sözlərinə görə, İrəvan teatrı şəxsi həyatında xüsusi yer tutur: “İrəvan teatrı mənim böyüdüyüm sənət ocağı, Qərbi Azərbaycanda azərbaycanlıların erməni irticasına qarşı mədəni mübarizə məkanı olub. Bu mübarizə, qayıdış və orada mövcud olan böyük mədəni irsimizin bərpası işi 1988-ci ildən Bakıda davam edir. Bu iş bu gün artıq yeni, təmir olunmuş binada davam edəcək”.
Elçin Əlibəyli qeyd edib ki, hazırda İrəvanda teatrın öz binasında Qarabağ separatçılarının nümayəndəliyi yerləşir. O, bu kontekstdə ümidlərini də ifadə edib: “Xankəndini separatçılardan təmizlədiyimiz kimi, İrəvan teatrının Nairi Zaryan küçəsindəki binasını, eləcə də teatrın köhnə ünvanları olan Pənah xanın evini, Canpoladovların klubunu da təmizləyəcəyimiz, İrəvan teatrının ‘Qayıdış’ tamaşasına baxacağımız günlərə az qalıb”.