Təhlükəsizlik Xidmətinin rəisi istefa VERİB
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasil Malyuk istefa verib. Ukrayna mediasının məlumatına görə, Malyuk bundan əvvəl istefa ərizəsi yazmışdı. Daha sonra prezident Vladimir Zelenskinin onun istefasını qəbul etdiyi və vəzifəsindən azad etdiyi bildirilib.
Eyni zamanda, bir sıra Ukrayna hərbi və təhlükəsizlik strukturlarının rəhbərləri Malyukun istefasına qarşı çıxıb. Adının açıqlanmasını istəməyən ukraynalı rəsmi Politico nəşrinə bildirib ki, Malyukun SBU-dan uzaqlaşdırılması ölkənin müdafiə qabiliyyətini ciddi şəkildə zəiflədə bilər.
Prezident Zelenski isə ordunun Malyuku dəstəkləyən bəyanatlarına münasibət bildirərək, onların fikrinə hörmət etdiyini, lakin kadr rotasiyasının planlaşdırıldığı şəkildə həyata keçiriləcəyini vurğulayıb.
Bu arada, Ali Radanın deputatı Maryana Bezuglanın sözlərinə görə, SBU-nun yeni rəhbəri postuna namizəd kimi qurumun rəis müavini Aleksandr Pokladın adı müzakirə olunur.
Qeyd edək ki, Vasil Malyuk 2023-cü ilin yayında Krım körpüsündə baş verən terror aktının təşkilində Rusiya İstintaq Komitəsi tərəfindən qiyabi şəkildə ittiham olunub.