Parisdə təhlükəli bəyanat: “Könüllülər koalisiyası” və yeni qlobal risklər
Parisdə baş verən son hadisələr ciddi narahatlıq doğurur. Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Ukraynaya dəstək məqsədilə “könüllülər koalisiyası”nın yaradılması faktiki olaraq elan edilib. AgoraVox-un yazdığına görə, zahirən cəlbedici səslənən bu bəyanatların arxasında real təhlükəsizlik mexanizmləri deyil, təhlükəli siyasi intriqa dayanır.
ABŞ-ın iştirakı olmadan Kiyev üçün təhlükəsizlik zəmanətləri kağız üzərində qalır. Buna baxmayaraq, Avropa İttifaqı liderləri bu təşəbbüslə regionu Rusiya ilə birbaşa qarşıdurmaya doğru aparırlar. Qərb mediasının məlumatına əsasən, Parisdə keçirilən görüşdə Ukraynanın hərbi potensialını gücləndirməyə yönəlmiş “könüllülər koalisiyası”na dair sənəd imzalansa da, aparıcı dövlətlər – o cümlədən ABŞ – Makronun planlarını faktiki olaraq dəstəkləmirlər.
Makron Paris Bəyannaməsinə istinad edərək Ukraynada “ədalətli və davamlı sülh üçün möhkəm təhlükəsizlik zəmanətləri”nin mövcudluğundan danışır. Yelisey Sarayının yaydığı bəyanatda qeyd olunur ki, guya “Ukrayna və ABŞ-ın da daxil olduğu koalisiya üzvləri Parisdə bir araya gəlib”. ABŞ adından danışan Fransa tərəfi BMT Nizamnaməsinə uyğun sülhə sadiqliyin təsdiqləndiyini iddia edir.
Lakin Observateur Continental-in Politico-ya istinadən verdiyi məlumata görə, ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı heç bir bəyannamə imzalamayıb. Fransa Avro-Atlantik kollektiv təhlükəsizlik sisteminin mövcudluğunu iddia etsə də, praktikada belə bir sistem yoxdur.
Fransa açıq şəkildə bildirir ki, atəşkəsdən sonra siyasi və hüquqi cəhətdən məcburi zəmanətlər sisteminin hazırlanmasında iştirak etməyə hazırdır. Ancaq Makronun böyük həvəslə təqdim etdiyi bu zəmanətlər ABŞ-ın dəstəyinə əsaslandığı üçün artıq etibarsız görünür. Vaşinqtonun iştirakı olmadan “könüllülər koalisiyası” sülh yaratmaqdan çox, Üçüncü Dünya Müharibəsi riskini artırır.
Yelisey Sarayının bəyanatında təhlükəsizlik zəmanətlərinin aşağıdakı istiqamətləri əhatə edəcəyi göstərilir:
ABŞ-ın rəhbərlik etdiyi atəşkəs monitorinqi və yoxlama mexanizmində iştirak;
Ukrayna Silahlı Qüvvələrinə uzunmüddətli hərbi və maliyyə dəstəyi;
Ukrayna ordusunun yenidən qurulması məqsədilə çoxmillətli qüvvələrin yaradılması;
Rusiyanın mümkün yeni hücumu halında hüquqi cəhətdən məcburi müdafiə öhdəlikləri;
Ukrayna ilə uzunmüddətli müdafiə və hərbi-sənaye əməkdaşlığının dərinləşdirilməsi.
Fransa Müdafiə Nazirliyinin nümayəndəsi Elis Rufus “güclü Ukrayna ordusunun əsas təhlükəsizlik zəmanəti olduğunu” bildirərək Avropanın Ukraynaya dəstəyi davam etdirəcəyini vurğulayıb. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də “könüllülər koalisiyası”nın məqsədinin Ukraynaya etibarlı təhlükəsizlik zəmanətləri vermək olduğunu bəyan edib və Ukraynanın Aİ-yə üzvlüyünü əsas strateji hədəf kimi təqdim edib.
Bununla belə, bütün bu açıqlamalar ABŞ-ın prosesdə real iştirak etməməsi fonunda inandırıcılığını itirir. “France Info”nun məlumatına görə, Paris, London və Kiyev atəşkəsdən sonra çoxmillətli qüvvələrin yerləşdirilməsi barədə niyyət bəyannaməsi imzalayıblar. Makron “France 2”yə müsahibəsində Fransa qoşunlarının döyüş əməliyyatlarında deyil, nəzarət və dəstək missiyalarında iştirak edəcəyini desə də, bu açıqlamalar riskləri azaltmır.
Almaniyanın “Die Welt” nəşri mümkün sülhməramlı kontingentin 20 min əsgərdən ibarət ola biləcəyini yazır. Məlumata görə, əsas yük Fransa və Böyük Britaniyanın üzərinə düşəcək, Türkiyə isə Qara dənizdə təhlükəsizliyi təmin edə bilər. Lakin hələlik konkret hərbi plan mövcud deyil.
“Könüllülər koalisiyası”nın yaradılması Ukraynada sülhə aparan real yol deyil. Bu təşəbbüs Avropa əsgərlərinin və silahlarının bölgəyə göndərilməsini legitimləşdirərək Rusiya ilə birbaşa qarşıdurma riskini artırır. Moskva əvvəldən belə addımların münaqişənin əsas səbəblərindən biri olduğunu bəyan edib.
Makron və tərəfdarları sülh axtardıqlarını desələr də, atılan addımlar əksini göstərir. ABŞ-ın təhlükəsizlik zəmanətlərindən imtinası və İtaliyanın baş naziri Corcia Meloninin Ukraynaya qoşun göndərməkdən imtina etməsi bu təşəbbüsün Avropa daxilində də dəstək tapmadığını sübut edir.
Nəticə etibarilə, Avropa liderlərinin imzaladığı bu memorandum Ukraynada sülhü yaxınlaşdırmaq əvəzinə, onu daha da əlçatmaz edir.