Paşinyan Aİ-yə üzvlük şərtini açıqladı
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa Birliyinə (Aİ) qoşulmaq niyyətini təsdiqləyib. O bildirib ki, Ermənistan üzvlüyə iddia etməzdən əvvəl Avropa standartlarının ən azı 99 faizinə cavab verməlidir.
Xpress.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Paşinyan qeyd edib ki, daxili islahatlar aparılmadan Aİ-yə üzvlüyə can atmaq “vaxt və enerji itkisi”dir. Onun sözlərinə görə, Avropa Birliyi genişlənmə qərarı verməsə belə, aparılacaq islahatlar və modernləşmə Ermənistan üçün faydalı olacaq.
Baş nazir Avrasiya İqtisadi Birliyində (AİB) iştirak məsələsinə də toxunub. O vurğulayıb ki, Ermənistan eyni zamanda iki ittifaqın üzvü ola bilməz, lakin “uyğunluq üçün imkanlar” mövcud olduğu müddətdə ölkə AİB-də qalacaq.
Paşinyan dekabrın 10-da da bildirmişdi ki, Ermənistanın məqsədi Avrasiya İqtisadi Birliyindən çıxmaq deyil, Avropa Birliyinə üzv olmaqdır.
Bununla yanaşı, Ermənistan Milli Assambleyasının üzvü Sarqis Xandanyan Yerevanın Şimali Atlantika Alyansına (NATO) qoşulmaq niyyətində olmadığını açıqlayıb.