Avropa Parlamenti ABŞ-ın Qrenlandiya ilə bağlı açıqlamalarını qınayıb
ABŞ Prezidenti Donald Tramp administrasiyasının Qrenlandiya ilə bağlı açıqlamaları Avropa Parlamentində aparıcı fraksiyalar tərəfindən kəskin mənfi reaksiya ilə qarşılanıb.
TASS xəbər verir ki, Avropa Parlamentinin aparıcı fraksiyalarının liderləri ABŞ Prezidenti Donald Tramp administrasiyasının Qrenlandiya barədə səsləndirdiyi fikirləri qətiyyətlə pisləyiblər. Onların yaydığı birgə bəyanatda qeyd olunub ki, ABŞ rəhbərliyinin bu açıqlamaları beynəlxalq hüquqa, BMT Nizamnaməsinin prinsiplərinə, eləcə də NATO üzvü olan ölkələrin suverenliyi və ərazi bütövlüyünə qarşı kobud çağırış xarakteri daşıyır.
Sənəddə deyilir:
“Avropa Parlamenti Tramp administrasiyasının Qrenlandiya ilə bağlı verdiyi, beynəlxalq hüquqa, BMT Nizamnaməsinin prinsiplərinə və NATO ölkələrinin suverenliyi və ərazi bütövlüyünə açıq şəkildə zidd olan açıqlamalarını birmənalı şəkildə pisləyir. Bu cür bəyanatlar qəbuledilməzdir və demokratik tərəfdaşlar arasındakı münasibətlərə uyğun deyil.”
Avropa Parlamenti xüsusi olaraq vurğulayıb ki, özlərini demokratik müttəfiq hesab edən ölkələr arasında bu tip bəyanatlara yol verilməməlidir. Parlament suverenliyə və beynəlxalq hüququn əsas prinsiplərinə qarşılıqlı hörmətin qorunacağına ümid etdiyini bildirib.
“Vzqlyad” qəzetinin yazdığına görə, Avropa hazırda Ukraynaya dəstəyi davam etdirmək və ya Qrenlandiyadakı mövqeyini gücləndirmək arasında seçim qarşısındadır. Eyni zamanda, Fransa parlamentinin aşağı palatasının vitse-spikeri ABŞ-ın siyasətinə etiraz olaraq ölkənin NATO-dan çıxması məsələsinə baxılmasını təklif edib.
Xpress.az