“Ay”dan gələn “itmiş ağacları” axtarır
ABŞ Kosmik Agentliyi NASA, 1971-ci ildə Apollo 14 missiyası zamanı Ay ətrafına aparılan toxumlardan yetişdirilən və sonradan dünyanın müxtəlif yerlərində əkilən “Ay ağacları”nın böyük hissəsinin zamanla itirildiyini xatırladaraq, onların tapılması üçün ictimaiyyətə müraciət edib.
Yeni Ay missiyaları çərçivəsində kosmosa yenidən ağac toxumları göndərən NASA, eyni zamanda illər əvvəl müxtəlif ölkə və bölgələrdə əkilmiş köhnə Ay ağaclarının harada olduğunu da müəyyənləşdirməyə çalışır.
Ay ağaclarının hekayəsi
Apollo 14 kosmik gəmisi 5 fevral 1971-ci ildə Ay səthinə enib. Astronavtlar Alan Şepard və Edqar Mitçel Ay üzərində məşhur “Ay qolfu”nu oynayarkən, ekipajın üçüncü üzvü Stüart Rusa komanda modulunda Ay orbitində qalıb. Bu missiya yalnız insanlı uçuş baxımından deyil, həm də illər sonra nəticələri görünən qeyri-adi elmi təcrübə ilə yadda qalıb.
Missiyadan əvvəl Rusa ABŞ Meşə Xidməti (USFS) ilə NASA-nın birgə layihəsi çərçivəsində 2 mindən çox ağac toxumu təhvil verilib. Bu toxumlara loblolly şamı, çinar, sweetgum, sekvoyya və Douglas küknarı növləri daxil idi. Toxumlar plastik paketlərdə metal kapsula yerləşdirilərək Apollo 14 ekipajı ilə birlikdə kosmosa göndərilib.
Plan sadə idi: toxumlar “Kitty Hawk” adlı komanda modulu ilə Ay ətrafında 34 dövrə vuracaq, sonra Yerə qaytarılacaqdı. Ardınca Meşə Xidməti tərəfindən cücərdilərək dünyanın müxtəlif bölgələrinə paylanacaq və kosmosa çıxmış toxumlarla Yer üzündə qalan toxumlar müqayisə ediləcəkdi. Lakin geri dönüş zamanı gözlənilməz problem yaşandı.
İmperatorlara hədiyyə edildi
NASA-nın açıqlamasına görə, Yerə qayıdışdan sonra aparılan dekontaminasiya zamanı toxum paketləri partladı və toxumlar vakuuma məruz qaldı. Buna görə də onların böyük hissəsinin cücərməyəcəyi düşünülürdü. Buna baxmayaraq, layihəyə cavabdeh olan Meşə Xidmətinin əməkdaşı Sten Kruqman Hyustondakı mərkəzdə toxumları cücərtməyə cəhd etdi.
Gözləntilərin əksinə olaraq bir çox toxum sağlam şəkildə böyüməyə başladı. Bəzi fidanlar əlverişsiz şəraitə görə itirilsə də, Missisipi və Kaliforniyadakı yeni mərkəzlərə köçürülən toxumlarla ümumilikdə təxminən 450 fidan uğurla yetişdirildi.
NASA-nın məlumatına görə, bu ağacların bir qismi kosmosa getməyən və Yer üzündə saxlanılan toxumlarla birlikdə əkildi və 40 ildən artıq müddətdə aralarında nəzərəçarpan fərq müşahidə olunmadı.
Ağacların əksəriyyəti 1975–1976-cı illərdə ABŞ-ın 200 illik yubileyi münasibətilə ştatlara və uyğun iqlimi olan ölkələrə paylandı. Bir loblolly şamı Ağ Evə əkildi, bəzi Ay ağacları isə Braziliyaya, İsveçrəyə və Yaponiya imperatoruna hədiyyə edildi.
Unudulan ağaclar itdi
Zaman keçdikcə Ay ağaclarının çoxu unuduldu. Onların bir qismi Ay ətrafında dövrə vurduğunu göstərən heç bir nişanə olmadan əkildiyi üçün itkin düşdü. 1996-cı ildə NASA alimi Deyv Uilyams bu ağacların izini sürməyə çalışdı və təxminən 110-unu müəyyən edə bildi; onlardan 30-unun zamanla quruduğu aşkarlandı.
Sonrakı illərdə Rusunun qızı orijinal Ay ağaclarından əldə edilən toxum və şlamlarla yetişdirilən 12 ikinci nəsil Ay ağacını payladı. Bu günə qədər aparılan müşahidələr kosmosa gedən ağaclarla Yer üzündə qalanlar arasında ciddi fərq olmadığını göstərir.
Artemis missiyası ənənəni canlandırdı
IFL Science-ın məlumatına görə, NASA Artemis proqramı çərçivəsində bu simvolik ənənəni yenidən canlandırıb. 2022-ci ildə Artemis I missiyası zamanı Ay ətrafında dövr edən pilotsuz kosmik aparata yeni toxumlar yerləşdirilib.
Bu dəfə toxumlar daha sistemli şəkildə izlənir. Onlardan yetişdirilən ağaclar ABŞ üzrə 236 müxtəlif nöqtəyə əkilib və xüsusilə şagirdlərin marağını cəlb edir.
Kaliforniyadakı Greenfield Union School District-in elm koordinatoru Adria Gillespie NASA-ya bildirib: “Şagirdlər bu ağacları ziyarət etdikcə onları qorumağa daha həssas yanaşır, kosmosun naməlumluğu isə maraqlarını artıraraq öz araşdırmalarını aparmalarına stimul verir.”
NASA rəsmiləri Ay ağaclarının həm elmi, həm də simvolik dəyər daşıdığını vurğulayır və itkin Apollo Ay ağaclarının tapılması üçün ictimaiyyətdən gələcək məlumatlara açıq olduqlarını bildirirlər.