Finlandiya Baş nazirindən gözlənilməz etiraf: Putinlə danışıqlara hazıram
Finlandiyanın Baş naziri Petteri Orpo Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmağa hazır olduğunu bildirib.
Xpress.az Rusiya KİV-ə stinadən xəbər verir ki,
nazir hazırda dialoqa başlamaq üçün münasib zamanın yetişmədiyini bəyan edib.
Bu barədə Orpo Finlandiyanın Iltalehti nəşrinə verdiyi müsahibədə deyib.
O vurğulayıb ki, mövcud vəziyyət sonsuzadək davam edə bilməz və müəyyən mərhələdə Avropa liderləri Moskva ilə dialoqa getməyə məcbur qalacaqlar. Onun sözlərinə görə, Ukraynada sülhün təmin olunması birbaşa Rusiyanın mövqeyindən asılıdır.
“Zərurət yaranarsa, Rusiya Prezidenti Vladimir Putinlə eyni masa arxasında əyləşə bilərəm. Lakin hazırda dialoqa başlamaq üçün uyğun vaxt deyil”, – deyə Orpo bildirib.
Qeyd edək ki, yanvarın 24-də Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər üzrə komitə sədrinin birinci müavini Vladimir Cabarov Rusiya ilə Avropa arasında münasibətlərin Qərb ölkələrində mövcud siyasi liderlər dəyişdikdən sonra normallaşa biləcəyini bəyan edib.
Xatırladaq ki, yanvarın 15-də Almaniya kansleri Fridrix Merts Rusiyanı “Avropanın ən böyük qonşusu” adlandıraraq, Avropa İttifaqının Moskva ilə münasibətlərdə balans tapa biləcəyinə ümid etdiyini bildirib.
Afaq.