Üçüncü dünya müharibəsi 8 fevral 2026-da başlaya bilər?
ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən məxfilikdən çıxarılan Ceffri Epşteyn işi üzrə yeni sənədlərdə Üçüncü dünya müharibəsinin mümkün başlanğıc tarixi ilə bağlı iddia yer aldığı bildirilir. Sosial şəbəkələrdə yayılan məktub görüntüsünə əsasən, qlobal münaqişənin 8 fevral 2026-cı ildə başlaya biləcəyi qeyd olunur. Lakin sənədin həqiqiliyi hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Yayılan məlumata görə, məktubun ehtimal olunan müəllifi Massaçusets Texnologiya İnstitutunun (MIT) mühəndisi Ceyms Heyvud kimi göstərilir. İddia olunur ki, elektron məktub Epşteynin ünvanına 2018-ci ilin iyul ayında göndərilib. Mətnində “WW3 (Üçüncü dünya müharibəsi)” ifadəsi yer alır və investorların 8 fevral 2026-cı il tarixi ilə bağlı planlaşdırma hazırlığına əmin olmaq istədiyi bildirilir.
Mövzu ilə bağlı oxşar məzmunlu başqa bir məktubun da 2015-ci ildə Epşteynə göndərildiyi iddia edilir. Həmin məktubda “Üçüncü dünya müharibəsinin başlanğıcı?” sualı yer alıb.
Sənədlərdə həmçinin məlumatın konfidensial olduğu, vəkil–müştəri sirrinə aid ola biləcəyi və icazəsiz istifadənin, yayımın və ya surətinin çıxarılmasının qadağan edildiyi barədə xəbərdarlıq mətnləri də göstərilir.
Qeyd edək ki, Epşteyn işi ilə bağlı yayılan sənədlərdə zaman-zaman sensasion və təsdiqlənməmiş iddialar ortaya çıxır. Onlardan biri də ABŞ-ın keçmiş prezidenti Co Baydenlə bağlı əsassız məlumatdır. Rəsmi qurumlar bu kimi iddiaları təsdiqləməyib.
Hazırda sözügedən məktubun orijinallığı və məzmununun etibarlılığı ilə bağlı rəsmi açıqlama verilməyib.