Ana dili - milli kimliyin mənəvi Vətəni
Ana dili yalnız ünsiyyət vasitəsi deyil - o, milli kimliyin, tarixi yaddaşın və dövlətçilik şüurunun əsas dayağıdır. Ana dilinin qorunması isə milli varlığın qorunması deməkdir.
***
Müasir dünyada dil məsələsi artıq təkcə filoloji və ya mədəni sahənin problemi kimi deyil, milli kimliyin qorunması və dövlətçilik strategiyasının əsas istiqamətlərindən biri kimi dəyərləndirilir. 21 fevral - Beynəlxalq Ana Dili Günü bu həqiqəti bir daha xatırladır; Dil xalqın yalnız danışıq vasitəsi deyil, onun kimliyinin, tarixi yaddaşının və mənəvi bütövlüyünün əsas dayağıdır. Dil millətin varlıq formasıdır; o zəiflədikdə milli kimlik də zəifləyir.
Azərbaycan dili əsrlər boyu xalqımızın kimlik kodunu yaşadan əsas amillərdən biri olmuşdur. Bu dil milli düşüncə modelinin, etnik psixologiyanın və mədəni yaddaşın əsas daşıyıcısıdır. Azərbaycan xalqının tarix boyu müxtəlif imperiyaların tərkibində yaşamasına baxmayaraq, öz dilini qoruyub saxlaması milli kimliyin davamlılığının ən parlaq göstəricilərindən biri kimi qiymətləndirilir.
Azərbaycan dili həmçinin ədəbiyyatımızı zənginləşdirən və inkişaf etdirən əsas mənbələrdən biridir. Klassik və müasir ədəbiyyatımız bu dilin zəngin ifadə imkanlarını, yüksək estetik və fəlsəfi potensialını parlaq şəkildə nümayiş etdirmişdir. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Cəlil Məmmədquluzadə, Bəxtiyar Vahabzadə və s. kimi söz ustalarının yaradıcılığı Azərbaycan dilinin milli şüurun əsas dayağı olduğunu təsdiqləyir. Müasir dövr ədəbiyyatında isə Xalq şairi Sabir Rüstəmxanlının ana dilinə dair əsərləri ideoloji, mənəvi və ictimai mahiyyətini ifadə edən mühüm ədəbi nümunələr biri kimi xüsusi əhəmiyyət kəsb edir.
Məhz bu tarixi-mədəni kontekst Azərbaycan dilinə münasibətin dövlət səviyyəsində də strateji mahiyyət daşıdığını göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2026-cı ildə yerli televiziya kanallarına verdiyi müsahibədə dil məsələsinə xüsusi yer ayırması bu baxımdan mühüm ideoloji məna kəsb edir. Dövlət başçısı dilə yalnız mədəni fenomen kimi deyil, milli kimliyin və dövlət müstəqilliyinin əsas sütunu kimi yanaşdığını açıq şəkildə ifadə etdi. Onun vurğuladığı kimi, Azərbaycan dili xalqımızın mənsubiyyətini müəyyən edən, milli şüuru formalaşdıran və cəmiyyəti birləşdirən ən mühüm amildir.
Prezident dilin saflığının qorunması məsələsini birbaşa milli kimliyin qorunması ilə əlaqələndirdi. Xarici sözlərin nəzarətsiz şəkildə dilə daxil olmasını o, yalnız linqvistik problem kimi deyil, həm də kimlik mühitinin tədricən zəifləməsi riski kimi dəyərləndirdi. Bu yanaşma dilin mədəni və ideoloji sərhədləri qoruyan “mənəvi təhlükəsizlik zonası” olduğunu göstərir.
Müsahibədə səsləndirilən fikirlər gənclərin dil mühitində müşahidə olunan dəyişikliklər fonunda xüsusi aktuallıq kəsb edir. Rəqəmsal kommunikasiya mühiti ünsiyyət formalarını sürətlə dəyişdirmiş, qısaldılmış sintaksis, qarışıq leksik modellər və minimal ifadə strukturları geniş yayılmışdır. Bu proses qloballaşmanın təbii nəticəsi sayılsa da, dilin klassik ifadə imkanlarının zəifləməsi ilə bağlı ciddi elmi müzakirələr doğurur.
Dövlət dili siyasətinin tarixi əsasları Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Onun təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi yalnız hüquqi qərar deyil, milli kimliyin qorunmasına yönəlmiş strateji addım idi. Bu qərar sovet ideoloji məkanında milli varlığın qorunması baxımından xüsusi tarixi əhəmiyyət kəsb etmişdir.
Müstəqillik dövründə Azərbaycan dili siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, dil təkcə mədəni irs faktoru kimi deyil, dövlət ideologiyasının və milli kimlik siyasətinin əsas komponentlərindən birinə çevrilmişdir. Bu mərhələdə dilin qorunması artıq yalnız normativ və hüquqi tədbirlər sistemi kimi deyil, milli varlığın strateji təminatı kimi dəyərləndirilir. Prezident İlham Əliyevin çıxışlarında dil məsələsinə xüsusi vurğu etməsi də bu siyasətin ardıcıl və davamlı xarakter daşıdığını aydın şəkildə nümayiş etdirir. Dövlət başçısı Azərbaycan dilini milli kimliyin, dövlət müstəqilliyinin və mənəvi bütövlüyün əsas dayaqlarından biri kimi qiymətləndirərək, onun qorunmasını strateji dövlət prioriteti səviyyəsində müəyyənləşdirmişdir.
Ana dili coğrafi sərhədləri aşan, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid mənəvi məkan daxilində birləşdirən ən güclü identiklik faktorudur. Ana dilinin qorunması diaspora üçün yalnız kommunikasiya vasitəsinin saxlanılması deyil, həm də milli köklərlə əlaqənin itirilməməsi, tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi deməkdir.
Qloballaşma şəraitində isə dil və kimlik münasibəti daha mürəkkəb və çoxşaxəli məzmun kəsb edir. Müasir informasiya axınları, rəqəmsal kommunikasiya mühiti və transmilliləşmiş mədəni təsirlər dillərin strukturuna və funksional imkanlarına birbaşa təsir göstərir. Bu proses bir tərəfdən dillərin inkişafı üçün yeni imkanlar açsa da, digər tərəfdən milli dillərin assimilyasiya riskini artırır. Bu səbəbdən dilin qorunması yalnız normativ məhdudiyyətlər və qadağalar vasitəsilə mümkün deyil; bu, kompleks və innovativ yanaşma tələb edən strateji prosesdir. Azərbaycan dilinin rəqəmsal mühitdə mövqeyinin gücləndirilməsi, dil texnologiyalarının inkişafı, elektron resursların zənginləşdirilməsi, müasir tədris metodlarının tətbiqi və gənc nəslin dil mədəniyyətinin formalaşdırılması bu istiqamətdə əsas prioritetlər kimi çıxış edir.
Dil yalnız qorunmalı obyekt deyil, həm də inkişaf etdirilməli canlı sistemdir. O, zamanla yenilənir, yeni leksik və funksional qatlar qazanır, lakin bu dəyişikliklər milli kimliyin əsas sütunlarını zəiflətməməlidir. Dilin sintaktik quruluşu, əsas leksik fondu və üslub normaları milli identikliyin sabit elementləri kimi qorunmalıdır. Çünki dil yalnız sözlər toplusu deyil - o, milli düşüncə modelini, mədəni davranış kodlarını və kollektiv yaddaşı özündə ehtiva edən mürəkkəb sosial-mənəvi sistemdir.
Bu baxımdan ana dili anlayışı sadəcə linqvistik kateqoriya deyil, milli varlığın fəlsəfi və ideoloji təməlidir. Ana dili insanın dünyanı qavrama modelini formalaşdırır, onun kimlik şüurunun ilkin strukturunu müəyyənləşdirir. Hər bir fərdin milli mənsubiyyət hissi, kollektiv yaddaşa bağlılığı və mədəni özünüdərki ilk növbədə ana dili vasitəsilə formalaşır. Dil itirildikdə yalnız ünsiyyət vasitəsi deyil, həm də mədəni kod sistemi, tarixi yaddaş və kimlik davamlılığı zəifləyir.
Ana dili bu mənada milli kimliyin mənəvi Vətəni kimi çıxış edir. O, insanın doğulduğu torpaq qədər müqəddəs, milli yaddaş qədər davamlı, dövlətçilik qədər strateji əhəmiyyətə malikdir. Ana dilinin qorunması yalnız dilçilik məsələsi deyil - bu, milli varlığın qorunması, tarixi kimliyin yaşadılması və gələcək nəsillərin mənəvi təhlükəsizliyinin təmin edilməsi məsələsidir. Çünki dil yaşadıqca kimlik yaşayır, kimlik yaşadıqca isə millətin tarixi davamlılığı təmin olunur.
Şəhla Aslan,
Təhsilin idarə olunması üzrə fəlsəfə doktoru,
Türkiyənin Qazi Universitetinin müəllimi
