Generalların pensiyaları açıqlandı: Hər ay neçə min alırlar?
Rusiya generallarının orta pensiya məbləğləri açıqlanıb. Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin professoru Aleksandr Safonov TASS-a açıqlamasında bildirib ki, 2025-ci ildə Rusiyada general-mayor üçün orta pensiya təxminən 75 000 rubl təşkil edir. Daxili İşlər Nazirliyinin general-mayoru üçün isə bu məbləğ təxminən 67 000 rubl səviyyəsindədir.
Ekspertin sözlərinə görə, hərbi qulluqçular xidmət xüsusiyyətlərinə görə digər işçilərlə müqayisədə daha tez təqaüdə çıxa bilirlər. Əgər şəxs 20 il xidmət edibsə, vəzifəsinə uyğun olaraq əmək haqqının 50 faizini pensiya kimi alır. 20 ildən artıq hər əlavə xidmət ili üçün pensiyaya əlavə 3 faiz hesablanır. Lakin ümumi pensiya məbləği əmək haqqının 85 faizindən çox ola bilməz.
Eyni qaydalar Daxili İşlər Nazirliyi, Rusiya Milli Qvardiyası və Federal Penitensiar Xidmət əməkdaşlarına da şamil olunur.
Bundan əlavə, Rusiyada 80 yaşı tamam olan təqaüdçülər üçün sabit ödənişlər ikiqat artırılacaq. Fevral ayında 80 yaşını qeyd edən şəxslərin ödənişləri martın 1-dən etibarən ikiqat məbləğdə hesablanacaq.
Həmçinin, əgər şəxsin ümumi 25 illik əmək stajı, o cümlədən ən azı 12,5 il hərbi xidmət stajı varsa, ona da əmək haqqının 50 faizi həcmində pensiya təyin olunur. 25 ildən sonrakı hər əlavə il üçün isə pensiyaya əlavə 1 faiz əlavə edilir.
Xpress.az