Ramiz Mehdiyevi yuxusunda müzakirə edənlər
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında iclas keçirildi. Gündəm ağır idi. Hesabatlar oxundu. Strateji istiqamətlər sadalandı. Keçən ilin “uğurları” təqdim olundu.
Amma zalda hökm sürən əsas detal rəsmi protokol yox, mürgü idi.
Azərbaycan Milli Elmlər Akademiyası ölkənin elmi beyni sayılır. Bu qurum ideya istehsal etməli, intellektual impuls verməli, cəmiyyətə istiqamət göstərməlidir. Amma ictimaiyyətin yaddaşında qalan detal nə oldu? Akademiklərin mürgüləməsi.
Dünyada laboratoriyalar gecə-gündüz işləyir. OpenAI süni intellektin sərhədlərini genişləndirir. Google DeepMind insan beyninin işləmə mexanizmlərini modelləşdirir. Tesla pilotsuz nəqliyyat sistemlərini təkmilləşdirir. NASA Mars missiyalarını planlaşdırır. Dünyada elmi konfranslarda auditoriyalar ayaq üstə qalır, çünki orada gələcək danışılır.
Bizdə isə elmin ali tribunasından gələn əsas mesaj — sükut və mürgüdür.
İclasın gündəliyində daha bir həssas məsələ var idi — Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsi. Rəsmi açıqlamaya görə, bu məsələyə yalnız ona hökm oxunduqdan sonra baxılacaq.
Amma sual yaranır: bu taleyüklü məsələyə baxmalı olanlar özləri ayıqdırmı? Elm ocağında mürgüləyənlər akademik status haqqında qərar verəcəksə, burada paradoks yaranmırmı? Bəlkə də kiminsə üzvlükdən xaric edilməsini müzakirə etməzdən əvvəl, zalda mürgüləyən zehniyyətin özü akademiyadan “xaric” edilməlidir. Çünki belə qərarlara yuxulu yox, ayıq və məsuliyyətli beyinlər baxmalıdır.
Əgər müzakirə alimləri oyatmırsa, deməli müzakirə ya formal xarakter daşıyır, ya da artıq heç kimi həyəcanlandırmır. Elm həyəcan deməkdir. Elm iddia deməkdir. Elm risk deməkdir.
Hesabat oxumaq elm deyil.
Slayd dəyişmək elm deyil.
Bir-birini tərifləmək isə ümumiyyətlə elmə aid deyil.
Ən təhlükəlisi budur ki, biz artıq bu mənzərəni normal qəbul etməyə başlamışıq. Akademiyanın iclasında bir neçə nəfərin mürgüləməsi xəbər predmetinə çevrilir və bu, ciddi müzakirə doğurmur. Halbuki doğurmalıdır.
Çünki burada söhbət bir zalın içindən getmir. Burada söhbət ölkənin gələcəyindən gedir.
Gənclər elmdən uzaqlaşırsa, istedadlı beyinlər xaricə üz tutursa, beynəlxalq reytinqlərdə görünmürüksə, patent statistikasında ciddi yer tutmuruqsa — problem təkcə maliyyədə deyil. Problem enerjidədir. Problem iddiadadır. Problem məsuliyyətdədir.
Elm adamı yorula bilər. Bu insani haldır. Amma yorulmusunuzsa gənclərə yol verin. Verin ki, gənclərimiz, istedadlı beyinlərimiz xaricə üz tutmasınlar.
Əgər akademiyanın iclası emosiyasız, polemikasız, intellektual toqquşmasız keçirsə, deməli ya suallar verilmir, ya da cavablar çoxdan əzbərlənib.
Elm isə əzbər sevmir. Elm narahatlıq istəyir. Elm tənqid istəyir. Elm risk istəyir.
Dünyada süni intellekt insanın düşüncə qabiliyyətini təqlid etməyə çalışır. Biz isə öz düşüncə potensialımızı oyada bilmirik.
Əgər ölkənin elmi beyni mürgü vəziyyətindədirsə, inkişaf haqqında şüarlar nəyi dəyişəcək?
Ən ağrılı sual budur:
Biz doğrudan da gələcəyi qurmaq istəyirik, yoxsa sadəcə iclas keçirmək?
Elm binada yox, beyində olur.
Və o beyin yatmamalıdır.
Kamal Qurban
Xpress.az