153 yaşlı teatr: sənətdən çox idarə oyunu- Xəyalə Rəis yazır…
Mənim 153 yaşlı teatrım – zamanın bütün sınaqlarından üzüağ çıxmağa çalışan yeganə canlı sənət ocağım. Sən müharibələr gördün, siyasi dönəmlər yaşadın, pandemiyaların səssizliyinə dözdün. Ölkədə nə baş verdisə, ilk zərbələrdən biri həmişə sənə dəydi. Amma səsin çıxmadı. İçindəki nəfəs isə heç vaxt ölmədi.
Bir vaxtlar teatr insanın ruhunu səhnəyə çıxaran ən canlı sənət idi. Aktyorun nəfəsi tamaşaçının nəfəsinə qarışar, sözlər sadəcə mətn kimi yox, həyat kimi yaşanardı. Teatr canlı ünsiyyətin, insan emosiyasının ən saf məkanı idi.
Pandemiya dövründə teatrların qapıları bağlananda ekranlar açıldı. Tamaşalar internetə daşındı, aktyorlar kameraya oynadı, tamaşaçılar isə evlərinin divarları arasında səhnəni izləməyə məcbur oldu. Bu, müəyyən mənada çıxış yolu idi. Amma digər tərəfdən texnologiya səhnəni xilas etdiyi qədər onu dəyişdirməyə də başladı.
Bu gün isə yeni bir mərhələ başlayır. Süni intellekt ssenari yaza bilir, səhnə dizaynı qura bilir, hətta virtual aktyorlar yarada bilir. Texnologiya sürətlə inkişaf edir və sənətin müxtəlif sahələrinə daxil olur. Amma burada əsas sual dəyişmir: bəs teatrın ruhu? Alqoritmlər duyğunu hesablaya bilər, amma onu yaşaya bilərmi?
153 yaşlı teatrım, bəlkə də ilk dəfə belə qəribə bir rəqiblə qarşılaşırsan. Bu nə xəstəlikdir, nə senzura, nə də iqtisadi böhrandır. Bu dəfə rəqib görünməzdir – kodlardan və alqoritmlərdən ibarət bir dünya.
Amma məsələnin yalnız texnologiya tərəfi yoxdur. Əsl problem teatrın öz içində baş verən proseslərdədir. Yeni dövr yeni qaydalar gətirir. Artıq teatrlarda baş rejissor ştatlarının ləğv olunacağı gözlənilir. Kütləvi ixtisarların mümkünlüyü barədə söz-söhbətlər dolaşır.
Ömrünü səhnəyə həsr etmiş insanlar isə qeyri-müəyyənlik içində qalıb. Bu peşədən başqa sənət bilməyən aktyor və aktrisalar hər açılan sabahı narahatlıqla qarşılayırlar.
Aktrisa Mehriban Xanlarova vaxtilə teatrdan kənarlaşdırılanda belə demişdi: “Teatrdan uzaqlaşsam, gedib limon, göyərti satacağam.” Bu söz sadəcə bir insanın ümidsizliyi deyil. Bu, bütöv bir sənət sahəsinin taleyindən xəbər verən acı bir etirafdır. Bu gün də istedadlı aktyorların bir çoxu müxtəlif səbəblərdən teatrdan kənarda qalır.
Təəssüf ki, bəzən teatr sənət məkanından çox idarəçilik və maraq oyunlarının meydanına çevrilir. Gələnlər də, gedənlər də çox vaxt bu ocağın taleyini düşünmür. Teatr bəzilərinin gözündə sadəcə vəzifə, büdcə və şəxsi maraqların təmin olunduğu bir məkana çevrilir.
Halbuki teatr pul qazanmaq üçün qurulmuş mexanizm deyil. O, cəmiyyətin güzgüsüdür. Orada insanın ağrısı, sevinci, sualı səhnəyə çıxır.
Səhnəyə çıxan aktyorun titrəyən səsi, zalda yaranan o canlı enerji – bunları heç bir süni intellekt tam təkrarlaya bilməz. Teatrın gücü məhz bu canlılıqda gizlidir.
Bəlkə də məsələ məğlubiyyət deyil. Bəlkə də teatr yeni bir dövrün astanasındadır. Süni intellekt səhnəni əvəz etmək üçün yox, onu yenidən kəşf etmək üçün bir vasitəyə çevrilə bilər.
Amma bunun üçün ilk növbədə teatrın özünə münasibət dəyişməlidir. Çünki 152 il yaşayan bir sənət ocağının taleyi təsadüflərin və ya şəxsi maraqların ixtiyarına buraxıla bilməz.
Teatr texnologiya ilə yox olmur.Teatr biganəliklə yox olur.
Xəyalə Rəis
Teatrşünas