Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Şəkinin dini memarlıq abidəsi:
Şəkinin dini memarlıq abidəsi:
Ana səhifə

Şəkinin dini memarlıq abidəsi: İmam Əli məscidi - FOTO

Xpress.az Redaksiyası 31.03.2026 11:44

"Şəki ensiklopediyası" elmi-ensiklopedik jurnalının yeni sayı işıq üzü görüb. Jurnalda Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi Zəminə Rəsulovanın "Şəkinin dini-memarlıq abidələrindən biri - İmam Əli məscidi" adlı məqaləsi dərc olunub. Xpress.az məqaləni təqdim edir:

Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkidə  həm xristian abidələri, həm də islam dini tikililəri - tarixi məscid, came, mədrəsə və minarələr mövcuddur. Ümumilikdə, rayon ərazisində belə abidələr onlarladır. Ərazisi 300 hektara yaxın olan “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğu ərazisində isə dini memarlıq abidələrinin sayı səkkizdir. Həmin dini memarlıq abidələrindən üçü-Dairəvi məbəd, Giləhli məscidinin minarəsi, Məscid və qəbir (Xan məscidi və qəbristanlığı) hələ 1968-ci ildə qeydiyyata alınmış ölkə əhəmiyyətli abidələrdəndir. Həmin abidələr yenidən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixində verdiyi 132 nömrəli qərar ilə daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb və onların əhəmiyyət dərəcələri müəyyən edilib. İmam Əli məscidi isə ilk dəfə 3 noyabr 2021-ci il tarixində  132 nömrəli  qərara edilən  2 nömrəli əlavə ilə 334-1 inventar nömrəsi altında birbaşa olaraq ölkə əhəmiyyətli abidə kimi qeydiyyata  alınıb. Hazırda bu məscid qoruq ərazisində mühafizə olunan ölkə əhəmiyyətli on bir abidədən biridir.

İmam Əli məscidi şəhərin tarixi mərkəzində, Yuxarı Karvansaranın qonşuluğunda,  F.Xoyski, 7 ünvanında yerləşir.  Bu küçə XX əsrdə məscidin həyətinə bitişik binada  Nuxa Dövlət Müəllimlər İnstitutunun (1940-1953 cü illər) fəaliyyət göstərməsi səbəbilə “Fakültet küçəsi” adlandırılmışdır. AMEA Şəki Regional Elmi Mərkəzinin “Şəkidə məhəllə adları, soylar, ləqəblər” (I kitab) kitabına istinadən qeyd etmək mümkündür ki, burada daha öncədən də məscid mövcud olmuşdur. Kitabda qeyd olunur ki, məscidi çox yığcam, 2 göz ev miqdarında idi. Kiçik pəncərələri olduğu üçün adına “Qaranlıq Məscid” deyərdilər. [1. səh.273] XIX əsrin sonunda isə həmin kiçik, qədim məscidin yerində yeni məscid inşa olunur. Azərbaycan Respublikası Dövlət Arxivindən əldə olunan sənədlərə istinadən hazırkı məscid binasının 1887-1888-ci illərdə inşa edildiyini demək mümkündür. Məscidin arxivdə mühafizə olunan layihə sənədlərindən də aydın olur ki, müasir məscid binası köhnə məscidin yerində tikilib. Layihədə məscidin ərazisi, coğrafi mövqeyi və köhnə məscidin yeri açıq şəkildə göstərilib. Ancaq qeyd etmək lazımdır ki, məscid binası layihəyə tam uyğun şəkildə inşa edilməmiş, müəyyən dəyişikliklər edilmişdir.

Köhnə məscidin sünni və ya şiə təriqətinə aid olması ilə bağlı bir məlumat olmasa da Şəkinin yeganə şiə məscidi olan İmam Əli məscidinin məhz başqa bir məscidin yerində tikilməsi ilə bağlı fakt öz təsdiqini tapır. Layihə sənədlərində Hacı Molla Zeynal Abdin Axund Pişnamaz adının qeyd olunması isə məscidin məşhur Pişnamazzadələr tərəfindən tikdirildiyinin sübutudur.  Pişnamazzadələr nəsli sadəcə Azərbaycanda deyil, bütün Qafqazda məşhur din xadimləri kimi tanınmışdır. Bu nəslin ən tanınmış nümayəndələrindən biri də Nurməmməd Əfəndi ilə öz əmmaməsini dəyişərək şəhərdə sünni və şiələr arasında ixtilaf  salanlara dərs verən Axund Fərəcullah Pişnamazzadə olmuşdur.

Məscidin Pişnamazzadələrlə bağlılığını məscidin həyətində mövcud olan qəbirlər də sübut edirlər. İmam Əli məscidinin həyətində yerləşən qəbirlərin qara mərmər lövhəsi  üzərində ərəb əlifbasının nəsx xətti ilə aşağıdakı sözlər yazılıb:

بسم الله الرحمن الرحيم

هذاالصاحب القبرمرحومان اخون حاج ملا جبار پيشنمززاده واخوند حاج

زينالعابدين پيشنمززاده

رحمت الله عليها ان لله و انا اليه راجعون

“Bir olan Allahın adı ilə.

Bu iki qəbrin sahibi mərhumlar Axund Hacı Molla Cabbar Pişnamazzadə və Axund Hacı Zeynalabdin Pişnamazzadədir.

Allah onlara rəhmət eyləsin.

Allahdan gəlmişik və bir gün yenə Allaha tərəf dönəcəyik”.

Mərmər üzərində həkk olunmuş yazıdan aydın olur ki, bu qəbirlər Axund Fərəcullah Pişnamazzadənin atası və qardaşına məxsusdur. Ancaq təəssüflə qeyd olunmalıdır ki, bərpa zamanı qəbirlərin üstü tamamilə örtülmüşdür.

Memarlığı: İmam Əli məscidin ümumi shəsi 1487,8 m2, tikintialtı sahəsi isə 545,9 m2-dir.  Ənənəvi memarlıq üslubunda inşa olunmuş məscidin tikintisində  çay daşı, bişmiş kərpic və yerli ağac materiallarından istifadə edilib. Damı ağ dəmir təbəqə ilə örtülüb. Məscid binası qərb tərəfdən iki, şimaldan isə bir mərtəbəlidir. Birinci mərtəbə 5 otaq və 1 dəhlizdən, ikinci mərtəbə isə bir böyük ibadət zalı, bir böyük otaq və dəhlizdən ibarətdir. Məscidin ibadət zalının sahəsi 26x13 metr ölçüsündədir,  on iki böyük pəncərəsi var. İbadət zalı səkkiz incə taxta sütunla iki nefə bölünüb. Hər nefin özünün ayrıca təknə tavanı var. Bu tip tavanlar formasına görə tərsinə çevrilmiş təknəyə bənzədiyi üçün el arasında  “təknə tavan” adlanır. Məscidin mehrabı giriş qapısı ilə üzbəüzdür və hər iki tərəfində oxvari taxça işlənilib. Minbər sağ taxçada yerləşdirilib.

Məscidin minarəsi sovet hökuməti dönəmində dağıdılmış, özü isə yaxınlıqdakı məktəbin idman zalı kimi istifadə olunmuşdur. Məscid 1994-cü ildən etibarən İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzi tərəfindən bərpa edilmiş və yenidən fəaliyyət göstərməyə başlamışdır. Bərpa zamanı məscidin minarəsi yenidən tikilmiş, mehrabı bərpa olunmuşdur. Hazırkı minarənin hündürlüyü 22 metrdir [4]. Ənənəvi üslubda tikilmiş minarə silindir formasındadır, şərəfə hissəsinə yaxın kərpic naxışlarla bəzədilmişdir.

Məscidin mehrabını və ibadət zalının karnizini Sehran Məmmədov və Süleyman Məmmədov işləyib, minarəni  isə öz orjinal yerində Şahid Məmmədov bərpa edib.

Çox güman ki, məscidə “İmam Əli” adı şiə təriqəti ilə əlaqədar olaraq verilib. Azərbaycan Respublikası Məscidlərinin ensiklopediyasında isə məscid “Həzrət Əli məscidi” adı ilə təqdim olunub.

Nəticə olaraq qeyd edilməlidir ki,Şəkinin tarixi hissəsində yerləşən ölkə əhəmiyyətli abidə qədim məscidin qalıqları üzərində, ənənəvi memarlıq üslubunda inşa olunmuşdur. Ənənəvi memarlıq üslubu və tarixi dəyərindən əlavə bu məscidin cəmiyyətimiz üçün milli-mənəvi dəyəri də onun ölkə əhəmiyyətli abidə status almasına səbəb olmuşdur. Azərbaycanın tanınmış din xadimlərindən olan Pişnamazzadələr nəslinə olan hörmət və ehtiram abidənin milli-mənəvi dəyərini artırmış, ona ölkə əhəmiyyətli abidə status qazandırmışdır.

Zəminə RƏSULOVA

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin

Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək