25 dərəcə isti olacaq
Aprelin 3-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxtda və yarımadada hava dəyişkən buludlu olacaq.
Gün ərzində əsasən yağmursuz hava müşahidə edilsə də, gecə saatlarında bəzi ərazilərdə qısa müddətli yağış yağacağı ehtimal edilir. Səhər saatlarında duman olacağı, mülayim cənub-qərb küləyinin əsəcəyi bildirilir. Bakıda temperatur gecə 10-12, gündüz isə 14-18 dərəcə isti təşkil edəcək.
Bölgələrdə də hava şəraiti nisbətən sabit keçəcək. Əksər rayonlarda yağmursuz hava gözlənilsə də, gecəyə doğru bəzi yerlərdə yağıntı olacağı və şimşək çaxacağı ehtimalı var. Dağlıq və aran rayonlarında səhər duman müşahidə edilə bilər. Regionlarda temperatur gündüz saatlarında 25 dərəcəyə qədər yüksələcək. Dağlıq ərazilərdə isə havanın temperaturunun gündüz 12-17 dərəcə isti olacağı proqnozlaşdırılır.