Yeni qaydalar: 65 yaşdan yuxarı sürücülər...
5 aprel 2026-cı il tarixindən etibarən Rusiya Federasiyasında sürücülük vəsiqəsinin alınması və yenilənməsi ilə bağlı tibbi müayinələrə dair qaydalar sərtləşdirilib. Xüsusilə 65 yaşdan yuxarı sürücülər üçün bu proses daha mürəkkəb və əhatəli hala gətirilib.
Yeni qaydalara əsasən, tibbi arayışların verilməsi tam şəkildə rəqəmsallaşdırılıb. Artıq bütün arayışlar yalnız elektron formatda hazırlanır, həkim tərəfindən rəqəmsal imza ilə təsdiqlənir və birbaşa Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin sisteminə göndərilir. Müayinələr zamanı aşkar edilən bütün sağlamlıq göstəriciləri vahid məlumat bazasında toplanır və saxlanılır.
Bununla yanaşı, əvvəlki kimi narkoloq və psixiatr müayinələri, eləcə də qan və sidik analizləri məcburi olaraq qalır. Müayinə nəticələri qənaətbəxş hesab edilmədiyi halda sürücülük vəsiqəsinin verilməsi və ya yenilənməsi mümkün olmayacaq.
Yeni dəyişikliklər çərçivəsində 65 yaşdan yuxarı vətəndaşlar üçün əlavə tibbi testlər də tətbiq edilib. Bu testlərə eşitmə qabiliyyəti, yaddaş, reaksiya sürəti və hərəkət koordinasiyasının yoxlanılması daxildir. Xüsusilə peşəkar sürücülər bu testlərdən keçməkdən imtina etdikləri halda müvəqqəti olaraq iş fəaliyyətindən uzaqlaşdırıla bilərlər.
Eyni zamanda, həkimlərə yeni səlahiyyətlər verilib. Belə ki, sürücüdə yol hərəkəti üçün təhlükəli hesab edilən xəstəlik aşkar edildikdə və ya ciddi yol-nəqliyyat hadisəsindən sonra onun sürücülük hüququ müvəqqəti olaraq məhdudlaşdırıla bilər. Bu halda sürücülük vəsiqəsinin bərpası yalnız məhkəmə qərarı və təkrar tibbi müayinədən sonra mümkün olacaq.
Qeyd edək ki, daha əvvəl elan olunmuş qaydalara əsasən, 2027-ci ilin mart ayından etibarən nəzarət mexanizmləri daha da genişləndiriləcək. Belə ki, Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi Səhiyyə Nazirliyinin tibbi məlumat bazasına çıxış əldə edəcək. Əgər həkim müayinəsi zamanı sürücülük üçün əks göstəriş yaradan hər hansı xəstəlik aşkar olunarsa, sürücülük vəsiqəsi avtomatik olaraq dayandırılacaq və sürücü əlavə müayinəyə cəlb ediləcək.
Bu dəyişikliklər yol hərəkəti təhlükəsizliyinin artırılması və sürücülərin sağlamlıq vəziyyətinə daha ciddi nəzarətin təmin edilməsi məqsədi daşıyır.
Xpress.az