Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə İlk repetitor KİM OLUB? –
İlk repetitor KİM OLUB? –
Ana səhifə

İlk repetitor KİM OLUB? – FOTO

Xpress.az Redaksiyası 21.04.2026 16:57

Qədim Yunanıstanda fəlsəfənin yarandığı mərhələdə başa düşdülər ki, dəyişən şəraitdə insanı ilk öncə ictimai nailiyyət, tanınma və şöhrət daha çox maraqlandırır. Bunun üçün kütlə qarşısında çıxış etmək qabiliyyəti və öz opponentlərinə disput və mübahisələrdə qələbə çalmaq vacib idi. Beləliklə, sofistlər bütün mübahisə etmək sənətini arzu edənlərə öyrətməyi boynuna götürən filosof-müəllimlərə çevrildilər. Onlar qrammatikanı, stilistikanı, ritorikani, polemika aparmaq bacarığını öyrətməklə yanaşı, həm də ümumi təhsil verirdilər. Maraqlıdır ki, sofistlər dərs deməyə görə pul tələb edən ilk yunan müdrikləri oldular.

Əminliklə demək olar ki, daim dəyişən siyasi mübarizələr və sosial-iqtisadi rəqabətlər şəraitində insanları dəyişməz və daimi prinsiplərə öyrətmək tamamilə qeyri-mümkündür. Bu günün bir tələbi, sabahın isə başqa tələbi ola bilər. Buna görə də sofistlərin nəzəriyyəsinin əsasında insanların gündəlik həyat fəaliyyətində nə ilə toqquşduğu dayanır. Onlar öyrədirdilər ki, hər şey, o cümlədən insanın məsləyi, rəyi, fəlsəfi-dini təlimlər, iqtisadi qanunlar, siyasi sistemlər, hətta həqiqətin özü də nisbidir. Belə baxışlar sistemi fəlsəfədə relyativizm (latınca “relativus”, “nisbi”) adlanır.

Sofistlərin ən görkəmli nümayəndəsi Protaqor (e.ə. 488–410) sayılır. Protaqor fəlsəfəyə yetkin yaşında gəlmişdi, ondan əvvəl isə odun daşıyan olmuşdu. Qədim mənbələrin söylədiyinə görə, bir dəfə Demokrit Protaqorun odun şələsini həndəsi qaydalara uyğun olaraq, çox səliqəli şəkildə yığdığını görür. Həmin an Demokrit ona şagirdi olmasını təklif edir. O, sonradan yanılmadığını bildirirdi. Protaqorun ən məşhur kəlamı budur: “İnsan hər şeyin meyarıdır”.

Bu ifadə o qədər bütöv və həcmlidir ki, hətta bütün sofist təliminin əsas xarakteristikası kimi sayılmaqdadır. Dünyada hər şeyin nisbi olması ucbatından həqiqəti tapmaq çətinlik yaradır. İnsanın həyat və fəaliyyətində əsaslandıracağı bircə şey varsa, o da onun şəxsi nəzər nöqtəsi və öz fikridir. Başqa sözlə, nəsnələrin mahiyyəti və anlayışlar insanın özü tərəfindən müəyyənləşdirilməlidir.

Protaqorun sevdiyi ifadələrdən biri də bu idi: “Öz nitqini pis mühakiməni yaxşıya çevirmək üstündə qurmalısan”. Onun kitablarının birində işlətdiyi fikir filosofun mütəfəkkir stilini xarakterizə edir: “Allahın varlığı və yoxluğu haqqında mən heç nə bilmirəm. Ona görə ki, bu kimi bilgilərdə xeyli əngəllər var və insan həyatı qısa, sual isə mübhəmdir”.

Bu sözlərə görə o, ateist olaraq günahlandırılmış və Afinadan qovulmuşdu. Bundan sonra onun kitabları camaatın gözü qarşısında yandırılmışdı. Onu da bilmək lazımdır ki, ilk dəfə Protaqor verdiyi təhsilə görə haqq alırmış, özü də az yox, 45 kq gümüşə bərabər pul. Bununla əlaqədar maraqlı bir əhvalat də söyləyirlər. Protaqor ona müraciət edən bir nəfərə vəkillik sənətini öyrətmək üçün təhsil haqqını əvvəlcədən istəyir. Qarşı tərəf pulu vermək istəmir, ilk məhkəmə işini udduqdan sonra məbləği ödəmək istəyir. Filosof ona təmiz sofist stilində cavab verir: “Əgər mən səni məhkəməyə verib işi udsam, onda sən haqq ödəyəcəksən, çünki mən udmuşam. Əgər qələbə sən tərəfdə olsa, yenə ödəməli olacaqsan, çünki sən udmusan. Yəni fərqi yoxdur, danışılan vəsaiti nə vaxtsa ödəyəcəksən”.

Belə məsuliyyətli məqamda fəlsəfənin köməyinə sonradan antik elmin müdriklik simvoluna çevrilən bir şəxs - Sokrat gəldi. O, fəlsəfəni öz yoluna qaytardı və üstəlik, mükəmməl fəlsəfi təlim yaratmaqla çox əhəmiyyətli üsul və metodlarla fəlsəfəni yeni inkişaf yoluna, yeni mərhələyə çıxarmış oldu.

Etibar ƏLİYEV

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək