Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Hantavirus nədir və necə yayılır? –
 Hantavirus nədir və necə yayılır? –
Sağlamlıq

Hantavirus nədir və necə yayılır? – Mütəxəssis təhlükəli virusun gizli mənbəyini açıqladı VİDEO

Xpress.az Redaksiyası 08.05.2026 11:13

Xpress.az xəbər verir ki, Türkiyəli mütəxəssis Semih Tareen hantavirus haqqında açıqlamasında bildirib ki, bu virus yeni ortaya çıxmış xəstəlik deyil. Hantavirus ilk dəfə 1950-ci illərdə Koreya müharibəsi zamanı Koreyada yerləşən Han çayı ətrafında aşkarlanıb və adını da həmin bölgədən alıb. O dövrdə bölgədə xidmət edən əsgərlər arasında bu virusa yoluxma halları müşahidə olunmuşdu.

Mütəxəssisin sözlərinə görə, hantavirus dünyanın müxtəlif bölgələrində uzun illərdir mövcuddur və yalnız müəyyən ölkələrlə məhdudlaşmır. Türkiyədə də bu virusla bağlı yoluxma halları qeydə alınıb. Xüsusilə 2009-cu ildən etibarən ölkədə onlarla insan hantavirusa yoluxub. Türkiyədən Koreyaya səfər edən bəzi şəxslərdə də bu infeksiyanın aşkarlanması halları olub.

Semih Tareen qeyd edib ki, hantavirus əsasən təbiətdə yaşayan gəmiricilərdən, xüsusilə tarla siçanlarından insanlara keçir. Virus siçanların sidiyi, nəcis və tüpürcəyi vasitəsilə ətrafa yayılır. Bu ifrazatlar quruduqdan sonra havaya qarışan toz hissəcikləri nəfəs yolu ilə insan orqanizminə daxil ola bilir. Məsələn, uzun müddət bağlı qalan anbarların, kənd evlərinin, tövlələrin və ya tozlu sahələrin süpürülməsi zamanı insanlar virusla təmas riski daşıyır.

Mütəxəssis vurğulayıb ki, yarasalar bəzi virusların təbii daşıyıcısı hesab olunsa da, hantavirusun əsas yayılma mənbəyi gəmiricilərdir. Virus müxtəlif qitələrdə fərqli növlərlə mövcuddur. Xüsusilə Amerikada rast gəlinən hantavirus növləri daha təhlükəli hesab edilir. Bu variantlar əsasən ağciyərləri zədələyir və ağır tənəffüs çatışmazlığı yarada bilir. ABŞ və Latın Amerikası ölkələrində bəzi hantavirus növlərində ölüm göstəricisinin 40–60 faiz arasında dəyişdiyi bildirilir. Afrika və digər bəzi regionlarda isə ölüm halları daha aşağı səviyyədə müşahidə olunur.

Semih Tareen əlavə edib ki, bəzi hantavirus növlərində insandan insana yoluxma ehtimalı da mövcuddur. Buna görə yoluxma halları aşkarlananda xəstələrin təcrid olunması, gigiyena qaydalarına əməl edilməsi və karantin tədbirlərinin tətbiqi virusun yayılmasının qarşısını almaqda mühüm rol oynayır.

Mütəxəssislər əhaliyə xüsusilə kənd və təbiət ərazilərində ehtiyatlı olmağı tövsiyə edir. Uzun müddət istifadə olunmayan məkanları təmizləyərkən maska taxmaq, əlləri dezinfeksiya etmək və gəmiricilərlə təmasdan uzaq durmaq hantavirusdan qorunmaq üçün əsas tədbirlər hesab olunur.

Xpress.az sözügedən videonu təqdim edir: 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək