Həkimlərdən xəbərdarlıq: Yayda qəhvə içərkən diqqətli olun
Xpress.az xəbər verir ki, Federal Qidalanma və Biotexnologiya Tədqiqat Mərkəzinin reabilitasiya pəhriz terapiyası şöbəsinin baş elmi işçisi, diyetoloq Yuliya Çexonina xəbərdarlıq edib ki, isti havada qəhvə maye itkisini artıraraq elektrolit balansının pozulmasına səbəb ola bilər.
O, bu barədə aif.ru saytına müsahibəsində danışıb. Həkimin sözlərinə görə, müntəzəm qəhvə içən insanlar isti günlərdə bu içkinin qəbulunu azaltmalı, qəhvə həvəskarları isə gündə ən çox bir fincanla kifayətlənməlidirlər.
Çexonina bildirib ki, isti havada orqanizmdən əlavə maye itkisi elektrolit çatışmazlığına, xüsusilə də kalium səviyyəsinin azalmasına gətirib çıxara bilər. Bu isə əzələ spazmları, ürək ritminin pozulması və qan laxtalanması riskinin artması ilə müşayiət oluna bilər.
Onun sözlərinə görə, ürək-damar və digər xroniki xəstəliklərdən əziyyət çəkən insanlar xüsusilə diqqətli olmalıdırlar. Ürək döyüntüsü və ya yüksək təzyiq problemi olan şəxslərə isti havada qəhvədən uzaq durmaq tövsiyə edilir.
Həkim alternativ olaraq kvas, mors, kompot, mineral su, şəkərsiz soyudulmuş çay və ya südlə hazırlanmış sərin qəhvə içməyi məsləhət görüb.
Eyni zamanda, dietologiya üzrə mütəxəssis və tibb elmləri namizədi Marqarita Koroleva Radio 1-ə müsahibəsində qarpızın yüngül pəhriz üçün uyğun məhsul olduğunu bildirib.
Onun sözlərinə görə, gün ərzində 1,5 kiloqram keyfiyyətli qarpız altı porsiyaya bölünərək istehlak edilə bilər. Koroleva vurğulayıb ki, qarpız içki deyil, qida məhsulu kimi qəbul olunmalıdır və buna görə də kifayət qədər su içmək vacibdir.
“İki günlük qarpız pəhrizi artıq çəkidən iki və ya daha çox kiloqram azalmağa kömək edə bilər. Lakin qarpıza maye mənbəyi kimi deyil, qida məhsulu kimi yanaşmaq lazımdır”, — deyə o qeyd edib.
Bundan əvvəl isə həkim-kardioloq, tibb elmləri namizədi Andrey Kondraxin hazırkı isti hava şəraitində üzgüçülüyün təhlükəsiz olub-olmaması barədə danışmışdı.