Ölümcül xəstəliklərin qoxusu necə olur?
Bədən qoxusunda baş verən dəyişikliklər ciddi xəstəliklərin erkən xəbərdarlıq əlaməti ola bilər.
Life.ru-ya açıqlama verən infeksionist Mariyat Muxina bildirib ki, bəzi xarakterik qoxular orqanizmdə gedən patoloji proseslərdən xəbər verə bilər və belə hallarda tibbi müayinədən keçmək vacibdir.
Həkimin sözlərinə görə, orqanizmdə biokimyəvi tarazlıq pozulduqda müəyyən qoxular yaranır. Təcrübəli mütəxəssislər xəstəni qiymətləndirərkən bu amili də nəzərə alırlar.
Diqqət yetirilməli qoxular
Ammonyak qoxusu – böyrək funksiyalarının pozulmasına, o cümlədən böyrək çatışmazlığına işarə edə bilər.
Xlor qoxusu – ağır qaraciyər xəstəlikləri, amin turşuları mübadiləsinin pozulması və orqanizmin ümumi intoksikasiyası ilə əlaqəli ola bilər.
Aseton və ya çürümüş alma qoxusu – diabetin klassik əlamətlərindən biridir. Bu vəziyyət insulin çatışmazlığı nəticəsində yaranan ketoasidoz zamanı müşahidə olunur və orqanizmin enerji əldə etmək üçün yağları parçalamağa başlaması ilə əlaqədardır.
Müşk qoxusu – neyroendokrin sistemdəki dəyişikliklər səbəbindən Parkinson xəstəliyinin erkən mərhələlərində ortaya çıxa bilər.
Maya qoxusu – bəzi hallarda Alzheimer xəstəliyi ilə əlaqələndirilir.
Göbələk, kif və ya çürümüş ət qoxusu – inkişaf etmiş mərhələdə olan bəzi xərçəng növlərində müşahidə edilə bilər. Bunun səbəbi xərçəng hüceyrələrinin metabolik fəaliyyətinin dəyişməsi ilə əlaqələndirilir.
Kükürd qoxusu – mədə-bağırsaq sistemi problemlərinə işarə edə bilər.
Turş və ya sirkə qoxusu – vərəm, endokrin pozuntular və ya D vitamini çatışmazlığı ilə əlaqəli ola bilər.
Mariat Muxina vurğulayıb ki, qeyri-adi bədən və ya sidik qoxusu uzun müddət davam edir və adi gigiyena tədbirlərindən sonra da aradan qalxmırsa, bu, həkimə müraciət etmək üçün ciddi səbəb sayılmalıdır. Belə dəyişikliklər bəzən digər klinik əlamətlərdən daha əvvəl meydana çıxır.
Mütəxəssisin fikrincə, orqanizmdə baş verən dəyişikliklərə vaxtında diqqət yetirmək təhlükəli xəstəliklərin erkən aşkarlanmasına və müalicənin daha effektiv olduğu mərhələdə tədbir görülməsinə imkan yaradır.